Azərbaycan höküməti Avropa İnsan Haqları Məhkəməsində, Vəkillər Kollegiyasnın üzvü olmayan vəkillərin təmsilçiliyinə etiraz edir.
Vəkillər Kollegiyası tərəfindən fəaliyyətləri dayandırılan şəxslər bu addımı siyasi məhbus adlandırılan şəxsləri müdafiə etmələri ilə əlaqələndirilər.
Azərbaycan hökumətinin Avropa Məhkəməsinə etirazını isə bu siyasətin davamı kimi qiymətləndirirlər.
Hüquqşünas Xalid Bağırov Toplum.tv-yə bildirib ki, ondan başqa Vəkillər Kollegiyasının üzvü olmayan bir neçə şəxsə qarşı da belə bir addım atılıb:
"Bütün işlərdə Azərbaycan hökuməti Avropa İnsan Haqlar Məhkəməsinə Vəkillər Kollegiyasından çıxarılmış, üzvü olmayan vəkillərin məhkəmədə vətəndaşları təmsil etməsinə qarşıdır. Bununla bağlı hökumət müraciət ünvanlayıb və Avropa Məhkəməsi hələlik öz mövqeyini bildirməyib. Bu yaxınlarda, Avropa Məhkəməsinə gedən son işlərimlə bağlı mənə və bir neçə vəkilə qarşı belə bir addım atılıb”.
Hüquq müdafiəçisi İntiqam Əliyev deyir ki, hökumət müraciət etdikdə Avropa Məhkəməsinin seksiya rəhbəri bu müraciətin əsaslı olub olmadığına baxdıqdan sonra qərar verir: "Hökümət Vəkillər Kollegiyasının üzvü olmadığı üçün Avropa Məhkəməsində həmin şəxslərin vətəndaşı təmsil etmə haqqı olmadığını bildirib. Məhkəmə isə Vəkillər Kollegiyasından çıxarılmasına baxmayaraq, həmin şəxsin vəkil kimi statusunu tanıyır. Ümumiyyətlə, hökumət bununla bağlı müraciət etdikdə Avropa Məhkəməsinin seksiya rəhbəri bunun əsaslı olub olmadığına baxdıqdan sonra qərar verir. İnanmıram ki, Avropa Məhkəməsi hökumətin lehinə bir qərar verə bilər. Əks halda Azərbaycandan Avropa Məhkəməsində şikayətləri təmsil edən vəkil qalmaz, çünki bu sahədə çalışan vəkillərin əksəriyyəti çıxarılıb, digərlərin çıxarılma ehtimalı da böyükdür”.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov mövzu ilə bağlı sualımızı cavablandırmadı. Amma təxminən bir ay əvvəl Anar Bağırov mediaya verdiyi açıqlamada məsələyə münasibətini belə bildirmişdi:
"Avropa İnsan Haqları məhkəməsi, Azərbaycanda kollegiyanın üzvü olmayanları da vəkil kimi təqdim edir, halbuki Avropa Məhkəməsinin öz terminologiyasına görə, yalnız Vəkillər Kollegiyasının üzvləri vəkil hesab olunurlar".
Avropa İnsan Haqları Məhkəməsinin son məlumatına əsasən Azərbaycanla bağlı 34 şikayəti araşdırmağa başlayıb.
Araşdırılan şikayətlər, əsasən, vətəndaş cəmiyyəti qurumlarının, onların fəallarının bank hesablarının dondurulması, mülkiyyət, ədalətli məhkəmə araşdırması və şəxsi həyatla bağlı məlumatların qorunması hüququnun pozulması ilə bağlıdır.
Nəzrin Bədəlli
Toplum Tv
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.