10:48, 07 Fevral 2019 (Cümə axşamı) 325

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yaradılır

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yaradılır
Prezident İlham Əliyev bu gün, fevralın 6-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında fərman imzalayıb.

Bu barədə president.az saytı məlumat yayıb.

Fərmanda qeyd olunur ki, bundan məqsəd xarici siyasətin Azərbaycanın milli maraqlarından ötrü əhəmiyyət kəsb edən istiqamətlərinə dair araşdırmalar aparılmasını genişləndirmək və dünyada baş verən proseslərin hərtərəfli təhlili işini daha da təkmilləşdirməkdir.

Habelə, Azərbaycanın xarici siyasət prioritetləri, xüsusilə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üzrə fəaliyyətin əhatə dairəsini artırmaq qarşıya məqsəd kimi qoyulur.

Qurum Azərbaycanın dövlət orqanlarını həyata keçirdiyi elmi-analitik təhlilin nəticələri ilə təmin edən publik hüquqi şəxs kimi fəaliyyət göstərməlidir.

Fərmanda Prezident Administrasiyasına tapşırılır ki, mərkəzin nizamnaməsinin layihəsini iki aya hazırlayıb dövlət başçısına təqdim etsin. Həmçinin, Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə də müvafiq tapşırıqlar verilib.

Publik hüquqi şəxs – dövlət, bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılır. Ümumdövlət, ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.