17:10, 26 Sentyabr 2019 (Cümə axşamı) 31

Beynəlxalq təşkilat Rusiyanı jurnalistə qarşı cinayət işini bağlamağa çağırıb

Beynəlxalq təşkilat Rusiyanı jurnalistə qarşı cinayət işini bağlamağa çağırıb


/ DÜNYA
Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) Rusiya hakimiyyətini jurnalist Svetlana Prokopyevaya qarşı cinayət işini bağlamağa çağırıb.

Azadlıq Radiosu xəbər verir ki,  jurnalist ötən il radioda yayınlanmış bir şərhə görə təqib olunur.

Bir neçə aylıq təhqiqatdan sonra ötən həftə Prokopyevaya "terrorçuluğu əsaslandırma” ittihamı irəli sürülüb və o, təqsirli bilinərsə, 7 il həbs cəzasına məhkum oluna bilər. Təşkilat sentyabrın 25-də bu haqda bəyanat yayıb.

Pskov şəhərində yaşayan jurnalist Azadlıq Radiosunun rus xidməti ilə əməkdaşlıq edirdi. Təşkilat onun "məhkəmə nəzarətinə alındığını, pasportunun müsadirə olunduğunu, bank hesablarının bağlandığını, təqsirsizlik prezumpsiyası pozularaq ‘terrorçular’ın rəsmi siyahısına salındığını” bildirir.

Prokopyeva "sadəcə jurnalist kimi işini görüb və müstəntiqlərin onu bu cür təqib etməsini görmək qorxuncdur”, – RSF-in Şərqi Avropa və Orta Asiya bölümünün başçısı Johann Bihr deyib.

"Bu absurd ittihamın niyyəti Rusiyanın bütün media orqanlarını qorxutmaqdır”, – Bihr sözlərinə əlavə edib.

Rusiyanın və beynəlxalq hüquq müdafiəçiləri Prokopyeva-ya qarşı cinayət işindən narahatlıq bildirib, onun mətbuat azadlığını məhdudlaşdırdığını vurğulayıblar.

Azad Avropa/Azadlıq Radiosunun (RFE/RL) Prezidenti Jamie Fly tvitində yazıb ki, "Prokopyeva yalnız öz fikirlərini ifadə etdiyinə görə cinayət təqibinə məruz qalır”.

"Ona qarşı ittihamlarda məqsəd müstəqil jurnalistlərə mesaj verməkdir”, – o, sözlərinə əlavə edib.

2018-ci ilin noyabrında "Exo Moskvı” radiosunun Pskov bölümü üçün şərhində Prokopyeva Arxangelsk şəhərində bir həftə öncə törədilmiş partlayışı müzakirə edib.

Sözügedən insident zamanı 17 yaşlı bir oğlan Rusiya Təhlükəsizlik Xidmətinin yerli qərargahı qarşısında əldəqayırma partlayıcı partlatmışdı. Əməkdaşlardan üçü yaralanmışdı.

Onda Rusiya mediası yazırdı ki, insident zamanı həlak olmuş şübhəli intiharçı sosial media bəyanatlarında FSB-ni cinayət işlərini quraşdırmaqda ittiham edib.

Prokopyeva isə şərhində yeniyetmənin bəyanatlarını Prezident Vladimir Putinin hakimiyyəti altındakı siyasi mühitlə əlaqələndirib, ölkədə siyasi fəallığın kəskin məhdudlaşdırıldığını, bunun xalqı məyus etdiyini deyib.