17:43, 10 İyul 2019 (Çərşənbə) 204

"Bəzən yolda uşaqlar məni görəndə “balaca insan” deyirlər" - REPORTAJ

Elvin Mirzəyev "ƏSA” teatrının aktyorudur. 

Bakıda doğulub-böyüyən Elvinin uşaqlıqdan incənətə marağı olub. 

Özünün dediyinə görə, ilk vaxtlar gitaraya həvəsi varmış, amma piano üzrə təhsil alıb. Sonradan bədii incəsənət üzrə təhsilini davam etdirib. 

"Qohumlar evdə təhsil almağımı məsləhət görürdülər"
 
 

Elvinin sözlərinə görə, anadan olanda həkimlər valideynlərinə onun çox yaşamayacağını deyiblər. Hətta 1 həftə vaxt da qoyublar. Sonra öləcəyi tarixi 1 yaşına qədər uzadıblar. 

Sonra ölümünün yaş həddi 3 yaşına qədər uzadılıb. Amma heç nə həkimlərin dediyi kimi olmayıb. 

Əlilliyi ilə böyüyən Elvin təkcə inadına yaşamayıb, hətta özünü cəmiyyətə sübut da edib. 

"Məktəbə getmək yaşım gəldiyində qohumlar evdə təhsil almağımı məsləhət görüblər. Amma anam bununla razılaşmayıb. Əslində mən də razı deyiləm. Evdə təhsil insanı cəmiyyətdən təcrid etməkdən başqa bir şeyə yaramır”, -  Elvin Mirzəyev danışır. 

"Bu şəhərdə əlilliyi olan biri üçün yaşamaq asan deyil"
 
 

Gənc aktyor deyir ki, əslində Bakı əlilliyi olan şəxslərin yaşaması üçün əlverişli şəhər deyil: "Bu şəhərdə əlilliyi olan biri üçün yaşamaq asan deyil. İstər arabadan istifadə edənlər üçün, istər görmə əngəlli insanlar üçün çox çətindir. Bəlkə də, nələrsə etmək istəyirlər, amma yetərincə deyil”. 

"Valideynləri gəlib üzr istəyir, amma..."

Elvin deyib ki, bəzən ətrafdakı  insanların xoş olmayan rəftarı ilə də rastlaşır. Amma daha bu, onu incitmir: "Məni görəndə qulağını çəkirlər. Ya nə bilim bilmədən qırıcı olurlar. Amma artıq mən onu çox da düşünmürəm. Bəzən yolda balaca uşaqlar məni görəndə "balaca insan” deyirlər. Valideynləri gəlib üzr istəyir, amma onları da başa düşürəm. Çünki uşaq vaxtı biz də maraqlı bir şey görəndə əlimizlə göstərirdik. Bəzən jurnalistlər sual verirlər  ki, əlilliyi olan şəxs kimi doğulmaq yaxşıdır, ya sonradan belə olmaq. Əslində heç biri yaxşı deyil. Amma uşaq vaxtından belə şey yaşayanda zamanla öyrəşirsən. Çətinliklərə və ətrafdakıların sözlərinə öyrəşirsən”. 

"İndi o adamlar mənə deyirlər, bizə də aktyor kimi iş tap”
 
 
Gənc aktyor deyir ki, təhsil aldığı müddətdə onları 4 dəfə təcrübə keçməyə göndərməli idilər. Amma 2 il müddətində cəmi 2 dəfə təcrübə keçiblər: "Əslində aldığımız təhsil də yetərli deyildi. Orada olanda işləyən aktyorlar deyirdilər ki, səhv yoldasınız, ac qalacaqsınız. Düz seçim etməmisiniz. Aktyor kimi işləməyə başlayandan sonra da hər kəs dedi ki, bəs gəl bu fikrindən daşın, başqa işlərlə məşğul ol.  Maraqlısı odur ki, indi o adamlar mənə deyirlər, bizə də aktyor kimi iş tap”.

Elvinə görə hər şeydən əvvəl insanda özünə qarşı inam olmalıdır. O zaman insan hansı sahədə çalışmasından asılı olmayaraq uğur qazana bilər: "Hər kəsin problemi var, amma problemlər aşılmaz deyil. Sadəcə özümüzə inanmağımız lazımdır. O zaman hər bir çətinliyi aşa, uğur qazana bilərik”.

Əbülfət Baxşəli