FOTO: Sosial media
"Bizim vətəndaşlar elektromobillərə yox, benzinlə işləyən maşınlara üstünlük verirlər”.
Bakıda elektrikli avtomobillərin satışı ilə məşğul olan mərkəzlərdən birinin kommersiya direktoru İslam Mirzəyev "Toplum TV”-yə belə deyib.
"Neft ölkəsi olduğumuz üçün bizdə benzinin qiyməti Ukrayna və Türkiyə ilə müqayisədə daha ucuzdur. Həmin ölkələrdə elektrikli maşınlar böyük prioritetə sahibdir. Amma bizdə bu maşınlar bahadır, ona görə də benzinlə işləyən maşınlar daha populyardır”.
İ.Mirzəyev az da olsa, hibrid və ya tam elektrikli avtomobil sifarişi edənlərin də olduğunu bildirir: "Ən çox gətirilən "Tesla” avtomobilləridir, Avropada qiyməti təxminən 35000 avrodan başlayır. Bu maşınlar ƏDV-dən azaddır, amma 15 faiz gömrük tarifi var. Milli Məclisdə güzəştlər barədə müzakirələr olsa da, yekun qərar yoxdur”.
Kommersiya direktorunun qənətincə, elektromobillərin ölkəyə gətirilməsi üçün iki əsas faktor var: "Bunlardan biri vergi və gömrüklə, digəri isə infrasturukturla bağlı məsələlərdir. Yəni maşını şarj etmək üçün lazım olan məntəqələrin qurulması lazımdır. Bu faktorlar ya dövlət, ya da böyük holdinqlər tərəfindən tənzimlənir. Şarjetmə məntəqələri isə regionlarda yoxdur və bu da həmin maşınlara səfərə çıxmağı olduqca çətinləşdirir. Məntəqələr yalnız Bakıda, o da cəmi bir neçə yerdə var. Şarj cihazları isə çox bahadır və bununla da elektrikli avtomobillər lüks seqmentə keçir. Bu maşınların 400-500 kilometr üçün sərf etdiyi elektrik enerjisinin qiyməti 5-6 manatdır. Yəni bu maşınlar çox sərfəli olsa da, əvvəl qeyd etdiyim faktorlara görə istifadəsi aşağı səviyyədədir”.
Avropanın ən böyük neft ehtiyatına sahib ölkəsi rekord vurur
Avropada ən böyük neft ehtiyatına sahib ölkə Norveçdir və 2020-ci ildə bu ölkədə satılan avtomobillərin 54,3 faizi, yəni yarıdan çoxu elektromobil olub. Ölkənin Yol Federasiyasının verdiyi məlumata görə, bu, dünya üzrə rekord göstəricidir.
Norveç höküməti 2025-ci ilə qədər dizel avtomobillərin satışını dayandırmağı planlaşdırır. Həmçinin benzin və dizellə çalışan avtomobillərə tətbiq olunan vergilər elektrikli avtomobillərə aid edilmir.
"Avtomobilin dəyərinin bir hissəsi həcmində subsidiyalar verilməlidir”
İqtisadçı Rəşad Həsənov və sosioloq İnqilab Şahbazov 2017-ci ildə "Elektrik mühərriki ilə işləyən avtomobillərin təşviqi üzrə hesabat” hazırlayaraq İqtisadiyyat Nazirliyinə təqdim ediblər. Rəşad Həsənov bu sahədə bundan sonra da heç bir ciddi tədbir görülməməsinə təəssüflənir və yanvarın 4-də benzin və dizelin qiymətini artıran Azərbaycan hökumətinin ekoloji mühitin qorunması arqumentini səmimi hesab etmir.
Rəşad Həsənov
FOTO: Sosial media
R.Həsənovun fikrincə, ekologiyanın qorunmasında maraqlı olan hökumət ilk növbədə ekoloji cəhətdən əlverişli mühit yaratmalıdır - xüsusi təşviq mexanizmləri olmalı, güzəştli şərtlərlə kreditlər və bəzi ölkələrdə olduğu kimi, hətta avtomobilin dəyərinin bir hissəsi həcmində subsidiyalar verilməlidir.
"Həmçinin hibrid və tam elektrikli avtomobillər vergilərdən və idxal rüsumlarından tam azad edilməli, infrastrukturun yaradılması üçün ehtiyat hissələrinin gətirliməsi və təmir kimi fəaliyyətlərə vergi güzəştləri edilməlidir. Avtoparkın strukturunda müəyyən dəyişikliyə nail olduqdan sonra yanacağın qiymətinin artırılması məsələsini gündəmə gətirmək olar”.
Rəşad Həsənov son illər Azərbaycanda müəyyən infrastruktur yarandığı, ehtiyat hissələri və təmir təminatı artdığı üçün hibrid mühərrikli avtomobillərə marağın artdığını söyləyir. O, bu avtomobillərin elektromobillərlə müqayisədə qat-qat ucuz olduğunu da vurğulayır: "Əhalinin alıcılıq qabiliyyəti hibridlərin istismarı üçün çağırışlar yaradır”.
R.Həsənov SOCAR-ın müəyyən təşəbbüslərlə çıxış edırək yeni yanacaqdoldurma məntəqələrində elektromobillər üçün şarj imkanları yaratdığnı da qeyd edir.
"GreenCar MMC-nin bəzi fəaliyyətləri var. Ancaq yuxarıda da qeyd etdiyim kimi, biznes təşəbbüslərinin artması üçün təşviqedici fəaliyyət mühiti yaradılmalıdır”.
Ekoaktivist: "Taksi sürücüsü elektrik avtomobili sürmək istəyirsə...”
Cavid Qara
FOTO: Sosial media
Ekoaktivist Cavid Qara elektrik mühərrikli avtomobillərlə bağlı Avropa ölkələrində iki cür mexanizm tətbiq olunduğunu deyir: "Birincisi, elektrik avtomobilləri yanacaq mühərriki ilə çalışan avtomobillərdən baha olduğuna görə aradakı qiymət fərqini azaltmaqdan ötrü subsidiya verirlər. İndiyə kimi bu faktor elektrik avtomobillərinin satışında böyük rol oynayıb. Digər mexanizmsə yanacaqla işləyən avtomobillərin sıxışdırılmasıdır, məsələn, şəhərin mərkəzində hərəkət məhdudiyyəti qoyulması, vergi və sığorta haqqının qaldırılması və sairə”.
Ekoaktivist hesab edir ki, ictimai və operativ nəqliyyat növləri, o cümlədən dövlətin avtoparkları da elektrik avtomobillərinə keçirilməlidir: "Taksi sürücüsü elektrik avtomobili sürmək istəyirsə, dövlət yardım etməlidir. Həmçinin əlilliyi olan şəxslərin bu avtomobili əldə etməsinə yardım göstərilməlidir. Yoxsa kiminsə 3 ədəd yanacaqla işləyən avtomobili var və əlavə olaraq elektriklə işləyənini də almaq istəyirsə, onlara dövlətin subsidiya ayrılması doğru olmaz”.
Nazirlik təkliflər verir, amma...
Rasim Səttarzadə
FOTO: AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə "Toplum TV”-yə bildirir ki, nazirlik ətraf mühitə mənfi təsirləri azaltmaq üçün ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən və ekoloji təmiz yanacaq növlərindən istifadə istiqamətində tədqiqat-təşviqat işləri aparır, təkliflərlə çıxış edir. "Bundan başqa, nazirlik stimullaşdırıcı tədbirlərin görülməsi üçün digər əlaqədar dövlət qurumları qarşısında məsələ qaldırılır, vergi siyasəti, gömrük üsulları, aksiz vergiləri və sairə ilə bağlı təkliflər verir. Təkcə bizim təşəbbüsümüzə görə yox, ümumiyyətlə 2019-cu ildən bu növ avtomobillərin idxalı əlavə dəyər vergisindən azad olunub”.
Avtomobil Federasiyası nə deyir?
Azərbaycan Avtomobil Federasiyasının əsas fəaliyyət istiqamətlərindən biri isə ölkədə ekoloji təmiz nəqliyyat vasitələri ilə hərəkət etmək azadlığının təbliği və təşkilidir.
Federasiyaya bu istiqamətdə hansı işləri görür, nələrin dəyişdirilməsini hədəfləyir? "Toplum TV” bu sualları quruma ünvanlayıb. Ancaq Federasiyanın əməkdaşı pandemiya dövründə iş qrafikinin növbəli olduğunu əsas gətirərək müraciətə cavab verə bilməyəcəklərini deyib.
Daha sonra "Toplum TV” tərəfindən federasiyanın email ünvanına göndərilmiş sorğuya cavab gəlib - federasiya suallarımızın cavabını mətbuatda dərc olunmuş materiallardan götürməyi təklif edib...
Nuranə Atakişiyeva
Aysel Əzizova
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.