13:38, 12 Yanvar 2019 (Şənbə) 212

Blogeri dəstəkləyən cəbhəçilərin həbs olunduğu deyilir

Blogeri dəstəkləyən cəbhəçilərin həbs olunduğu deyilir
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Salyan şöbəsinin 5 üzvünün dünən, yanvarın 11-də saxlandığı bildirilir.

AXCP-dən Azadlıq Radiosuna verilən məlumata görə, buna səbəb rayon fəallarının "Mehmana azadlıq” şüarı ilə aksiya keçirməsi səbəb olub.

AXCP-dən verilən məlumata görə, Salyan rayon Məhkəməsi-nin qərarı ilə saxlananlardan Əlizamin Salayevə 25, Tariyel Məlikzadə-yə isə 20 sutka inzibati həbs cəzası verilib.

AXCP-dən vurğulayıblar ki, qalan şəxslərin də hakim önünə çıxarılacağı gözlənir. Onların kütləvi aksiyaların təşkili qaydasını pozmaqda günahlandırıldığı qeyd edilir.

AXCP-dən onu da deyiblər ki, fəallar saxlanarkən fiziki zorakılığa məruz qalıblar. Partiyanın açıqlamasına görə, şöbə fəalı Əlizamin Salayevin oğlu polis şöbəsində 10 saat saxlandıqdan sonra isə sərbəst buraxılıb.

Bütün bu məlumatlara, hələlik, nə Salyan Rayon Polis Şöbəsi, nə məhkəmə nə də başqa rəsmi qurumlardan münasibət almaq mümkün olub.

Bu günlər bloger Mehman Hüseynovun müdafiəsi ilə bağlı Bakıda da bir neçə razılaşdırılmamış piketlər keçirilib. Həmin aksiyalarda saxlananların bəziləri hakim önünə çıxarılıb.

Kütləvi aksiyaların keçirilməsi qaydasını pozmaqda günahlandırılan bu şəxslərdən 5-i 20-25 gün arası inzibati qaydada həbs edilib, bəzilərinə də pul cəriməsi kəsilib.

Bloqqer Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Blogerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib. Rəsmi məlumata görə, Mehman Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır.

Yeni ittiham təsdiqlənərsə, ona əlavə olaraq 3 ildən 7 ilə kimi həbs verilə bilər. Bloger ittihamı qurama sayır.