10:40, 31 May 2019 (Cümə) 133

BMT: "Gülən hərəkatına aid şəxslər azad edilməlidir"

BMT:


/ DÜNYA
Qurumun İnsan Hüquqları Komissiyası Türkiyə hökumətinə 180 gün vaxt verib

Türkiyə 2016-cı ildə dövlət çevrilişi təşəbbüsünə görə şübhəli bilinən Fətullah Gülənlə əlaqəsinə görə həbs olunan iki şəxsi azad etməli və həbs müddəti üçün kompensasiya ödəməlidir,- Birləşmiş Millətlər Təşkilatı qərarında deyir.

"Reuters” xəbər verir ki, akademik İsmət Özçelik və məktəb müdiri Turqay Karaman 2017-ci ildə Malayziyadan Türkiyəyə deportasiya edilib. Türkiyədə onlara qarşı Fətullah Gülən şəbəkəsi ilə əlaqəli olduqlarına dair iddia irəli sürülüb. Ankara Güləni 2016 cı ildə baş vermiş dövlət çevrilişində ittiham edir.

Prezident Rəcəb Tayyib Ərdoğanın hökuməti 2016-cı il çevrilişindən sonra 77.000-dən çox insanı həbs edib. Tənqidçilər qeyd edirlər ki, həbsedilmələr hələ də davam edir və bunlar Türkiyədə genişlənən avtokratiyanın göstəricisidir.

ABŞ-da məskunlaşan Gülən və tərəfdarları dövlət çevrilişi iddialarını rədd edirlər.

İki türkün azadlığını pozduğunu söyləyən BMT İnsan Hüquqları Komissiyası Türkiyə hökumətinə hökmü yerinə yetirmək üçün 180 gün verib. Amma qərarın icraedici hökmü yoxdur.

"Dövlət şikayətçiləri azad etməlidir və onlara pozulmuş hüquqları üçün kompensasiya ödəmək məcburiyyətindədir,"- komissiyanın hesabatında deyilir.

Türkiyə adıçəkilən şəxslərin cinayətlərinin "ciddi və mürəkkəb" təbiətini əsas gətirərək möhlət istəyib, amma komitə bunu geri çevirib və deyib ki, Türkiyə hakimiyyəti artıq bu şəxslərin dövlətə necə təhdid ola biləcəyini izah etməkdə uğursuzluğa uğrayıb.

Ankaradan hesabata dərhal reaksiya olmayıb.

Üç il əvvəl uğursuz dövlət çevrilişi cəhdindən sonra Türkiyə rəsmiləri Gülən şəbəkəsi ilə əlaqəli olan şübhəli şəxslərin dünyanın fərqli ölkələrindən ekstradisiyasını tələb ediblər.

Kosovo, Pakistan və Malayziya da daxil olmaqla, bəzi ölkələr bu çağırışa əməl etsələr də, digərləri bundan imtina ediblər.

Keçən il Ankaranın xahişi ilə 6 türk Kosovada həbs olunaraq Türkiyəyə deportasiya edilib. Hadisə Kosovonun Baş nazirinin daxili işlər nazirini vəzifədən xaric etməsilə nəticələnmişdi.

Pakistan isə 2017-ci ildə Gülənlə əlaqə iddiası üzərinə Özəl Türk Məktəbləri zəncirinin keçmiş direktoru və ailəsini Türkiyəyə təhvil vermişdi.

Özçelik və Karaman deportasiya olunmazdan əvvəl 13 il Malayziyada yaşayıb.

Gülən hərəkatı dünyada təxminən 2000-ə yaxın təhsil müəssisəsini idarə edir. Gülən 1999-cu ildən etibarən ABŞ-ın Pensilvanya ştatında yaşayır.
 
Meydan.Tv