12:26, 20 Noyabr 2019 (Çərşənbə) 108

BMT İranda baş verən etirazlara münasibət bildirib

BMT İranda baş verən etirazlara münasibət bildirib


/ DÜNYA
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları bürosu İranda təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı güc tətbiq etməsi ilə bağlı dərin narahatlığını bildirib.

AmerikanınSəsi xəbər verir ki, BMT-nin İnsan Hüquqları Bürosu çərşənbə axşamı günü İran təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı döyüş güllələrindən istifadə etməsindən dərin narahatlığını ifadə edərək, hakimiyyəti yanacaq qiymətinin artmasına səbəb olan etirazları dağıtmaq üçün güc tətbiq etməkdən imtina etməyə çağırıb.

BMT-nin insan Hüquqları bürosunun sözçüsü Rupert Kolvill İran hakimiyyətini şənbə günündən bəri dayandırılmış internet xidmətlərini bərpa etməyə və etirazçıların ifadə azadlığı və dinc toplaşmaq hüquqlarını tanımağa çağırıb. O həmçinin deyib ki,‌ Birləşmiş Millətlər Təşkilatının əldə etdiyi məlumatlara görə, İranda etirazlar əsnasında onlarla insan həyatını itirib. O, Cenevrədə keçirilən brifinqdə itkilərin miqyasının "çox ciddi" olduğunu əlavə edib.

Bəzi qeyri rəsmi məlumatlara görə, İranın müxtəlif şəhərlərində etirazlar zamanı 200-ə qədər insanın polis tərəfindən öldürüldüyü bildirilir. İran rəsmiləri ölənlərin sayı haqda məlumat verməkdən imtina edir. Yayımlanan videolar və fotolarda bir çox şəhərdə banklar, dini mədrəsələr və dövlətə aid binalar yandırıldığı göstərilir.

İranın Ali dini rəhbəri Aytullah Əli Xameneyi iğtişaşlarda Birləşmiş Ştatlar da daxil olmaqla, İranın xarici düşmənlərini günahlandırıb və etirazçıları "quldurlar” adlandırıb.