11:30, 21 Oktyabr 2019 (Bazar ertəsi) 199

BMT qadınlara qarşı zorakılıq hallarına dair bəyanat yayıb

BMT qadınlara qarşı zorakılıq hallarına dair bəyanat yayıb
Qadın və qızlara qarşı zorakılıq fərdlərə, ailələrə, cəmiyyətlərə və bütövlükdə ölkəyə ciddi sosial və iqtisadi zərbə vurur.
 
Bu haqda Birləşmiş Millətlər Təşkilat Azərbaycandakı nümayəndəliyi bəyanat yayıb.

Bəyanatda bildirilir ki, qadın və qızlara qarşı zorakılıq ölkənin artım və inkişaf səylərini sarsıdır: "BMT-nin apardığı tədqiqat müəyyən edib ki, qadınlara qarşı zorakılıq Azərbaycana 764 milyon ABŞ dollarına başa gələ bilər ki, bu da ölkə ÜDM-nin 2%-nə bərabərdir. Buraya bərpası mümkün olmayan insan itkiləri, fəaliyyət qabiliyyətsizliyi, əlillik, zorakılığa məruz qalmış şəxslərin əmək qabiliyyətinin azalması, eləcə də zorakılığa cavab tədbirlərinə çəkilən xərclərlə bağlı olan iqtisadi itkilər daxildir.

Lakin hər şeydən öncə, qadın və qızlara qarşı zorakılıq həyatları, ailələri və gələcəyi məhv edir. Hər bir zorakılıq aktının insan həyatına təsiri ölçülə bilməyəcək dərəcədədir və bu, Azərbaycanın özünə rəva bilmədiyi, eləcə də heç bir qadın və qızın ödəməli olmadığı qiymətdir.

Biz bu problemin həlli üçün Azərbaycan Hökumətinin göstərdiyi siyasi iradə və əzminə bələdik, lakin bununla bağlı daha çox iş görülməlidir.

Azərbaycan hökuməti təcili olaraq Avropa Şurasının İstanbul Konvensiyasını ratifikasiya etməlidir. Bu Konvensiya beynəlxalq standartlara uyğun olaraq zorakılığın yayılma miqyasına dair araşdırma, zorakılıq riskinə məruz qalanların daha yaxşı qorunması, zorakılıqdan zərərçəkmişlər üçün xüsusi xidmətlər və cinayətkarların məsuliyyətə cəlb olunması kimi tədbirləri nizamlayır.

Zorakılıqdan zərərçəkmişlərinmüdafiəsi və dəstəklənməsi üzrə praktiki tədbirlərə, o cümlədən əlçatan və münasib əlaqələndirilmiş yönləndirmə və yardım xidmətlərinə qoyulan sərmayənin həcmini artırmaq lazımdır.

Zərərçəkmişlərin və şahidlərin müdafiəsinə, eləcə də zorakılığı törədən şəxslərin cəzasız qalmasına yol verilməməsinə xüsusi diqqət yetirilərək qadın və qızlara qarşı baş verən zorakılıq halları ilə bağlı bütün məlumatlar operativ və hərtərəfli araşdırılmalıdır.

Nəhayət, Azərbaycanda hər bir kəs qadın və qızlara qarşı zorakılığın baş verdiyi istənilən hadisə barədə səsini ucaltmalı və məlumat verməlidir – zorakılıq qarşısında səssiz qalmaq yolverilməzdir.

Birləşmiş Millətlər Təşkilatı öz növbəsində Azərbaycanda zorakılıq riskinə məruz qalanların daha yaxşı qorunması üçün bütün ölkə üzrə Hökumət və digər tərəflərlə sıx əməkdaşlığı davam etdirəcək. O cümlədən, BMT aztəminatlı qadın və qızlar üçün sosial xidmət proqramlarının dəstəklənməsi, qadınların işlə təmin edilməsi və özünü inkişaf etdirməsi üçün daha geniş imkanların yaradılması, qız və qadınlara qarşı zorakılığın əlamətlərinin müəyyən edilməsi və bununla bağlı cavab tədbirləri görmək üçün mütəxəssis və icma işçilərinin təlimləndirilməsi, eləcə də hər il noyabrın 25-dən dekabrın 10-dək keçirilən gender zorakılığına qarşı mübarizə üzrə növbəti 16 günlük kampaniya kimi ictimaiyyətin məlumatlandırılması ilə bağlı təşəbbüslər həyata keçirir. Bu kampaniya hər kəsin bir araya gələrək qadın və qızlara qarşı zorakılıq problemini işıqlandırmağa və bu dəhşətli hadisələrə qarşı səsini ucaltmağa imkan yaradır".