11:41, 10 Noyabr 2019 (Bazar) 105

Boliviyada etirazçılar dövlət televiziyasını və radiosunu tutublar

Boliviyada etirazçılar dövlət televiziyasını və radiosunu tutublar


/ DÜNYA
Evo Moralesin yenidən Boliviya Prezidenti seçilməsinə etiraz edənlər dövlət televiziyasının (Bolivia TV - BTV) və dövlət radiosunun (Red Patria Nueva-RPN) ofisini tutublar.

Bu barədə Evo Morales Tvitter hesabında yazıb.

"Dövlət KİV-i BTV və RPN təşkil olunmuş qruplar tərəfindən ələ keçirilib. Ofisə daxil olan qruplar jurnalistləri hələyərək iş yerlərini tərk etməyə məcbur ediblər. Onlar demokratiyanı müdafiə etdiklərini deyirlər, ancaq diktator rejimləri kimi davranırlar”, - Boliviya Prezidenti qeyd edib.   

Jurnalistlər arasında zərərçəkənlərin olması barədə məlumat yoxdur.

Boliviyada oktyabrın 20-də Prezident seçkiləri keçirilib.

Ali Seçki Məhkəməsi hazırkı dövlət başçısı Evo Moralesin seçkilərdə qalıb gəldiyini elan edib. Onun əsas rəqibi - sabiq prezident Karlos Mesa isə Moralesin qələbəsini qəbul etmədiyini bildirib. Seçkilərin nəticələrinin elan olunmasından sonra Boliviyada etiraz aksiyaları və tətillər başlayıb. Morales fövqəladə vəziyyət rejimi elan edib və müxalifəti dövlət çevrilişinə cəhddə günahlandırıb.  

Noyabrın 8-də Boliviyanın bir neçə şəhərində polislər də etiraz aksiyalarına qoşulub. Baş verən toqquşmalarda və etirazlarda indiyədək 3 nəfərin öldüyü, 380 nəfərin xəsarət aldığı barədə məlumatlar var.