17:53, 13 Dekabr 2018 (Cümə axşamı) 189

Britaniya “Azərbaycan pulyuyan maşını” ilə əlaqədar ilk addımı atıb

Britaniya “Azərbaycan pulyuyan maşını” ilə əlaqədar ilk addımı atıb
Britaniya təhqiqatçıları Azərbaycanın bir neçə milyard dollarlıq çirkli pulyuma mexanizminə bağlı bank hesabını dondurub.

Azadlıq Radiosunun məlumatına görə, araşdırmaçı jurnalistlər pulların həmin sxem vasitəsilə Britaniyada qeydiyyatdan keçmiş əsas dörd saxta şirkət vasitəsilə yuyulduğunu üzə çıxarıblar.

Milli Cinayətkarlıqla Mübarizə Agentliyi (NCA) çərşənbə günü bildirib ki, hesabın dondurulması orderi "Azərbaycan pulyuyan maşını” ilə əlaqədar ilk addımdır.

Bu order təhqiqatçılara şübhəli hallarda hesabları dərhal dondurmağa imkan verir.

NCA bu barədə əlavə məlumat verməyib.

«Azərbaycanın pulyuyan maşını» Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə Layihəsi (OCCRP) çərçivəsində aparılmış araşdırmanın adıdır. Araşdırmaçı jurnalistlərin bu şəbəkəsi tədqiqatı Danimarkanın "Berlinske” qəzeti və digərləri ilə birlikdə aparıb.

Araşdırmada iddia olunurdu ki, "Danske” bankının Estoniya filialı Britaniyada qeydiyyatdan keçmiş dörd firmanın hesablarını idarə edib. Azərbaycan elitası həmin hesablar vasitəsilə avropalı siyasətçilərə lobbiçilik məqsədilə pul, bahalı hədiyyələr verib, pul yuyub.

"Danske” sentyabrda bildirib ki, Estoniya filialı 2007-ci ildən azı 2015-ci ilədək Rusiya kimi ölkələrdən şübhəli transferlərə kömək edib, bəzi qeyri-rezident müştərilər isə Britaniya MMC-ləri və Danimarkanın saxta şirkətlərindən istifadə edib.

"Danske”-nin sentyabrda yaydığı daxili hesabatda deyilirdi ki, Estoniya filialının altı müştərisi "Azərbaycan pulyuyan maşını”na bağlı ola bilərdi. Onların hamısı Britaniya MMC-ləri olub.

Hesabata görə, "Danske”-nin Estoniya filialı 2017-ci ilin aprelində digər bank departamentləri ilə həmin dörd şirkət barədə təhlil paylaşıb. Bu şirkətlərin də son sahibi Azərbaycandan olub, 3 milyard dollarlıq tranzaksiya gerçəkləşdirib.