13:49, 05 Oktyabr 2019 (Şənbə) 68

BŞBPİ Milli Şuranın piketi ilə əlaqədar təşəbbüs qrupunun üzvlərinə xəbərdarlıq edib

BŞBPİ Milli Şuranın piketi ilə əlaqədar təşəbbüs qrupunun üzvlərinə xəbərdarlıq edib
"Sərbəst toplaşmaq haqqında” qanununa əsasən ayrı-seçkiliyə, ədavət, zorakılıq və təhqiredici çağırışlarla müşayiət olunan milli, irqi, dini ədavəti təbliğ edən davranış, eləcə də müraciətdə göstərilən ifadələrdən əlavə digər şüarların səsləndirilməsinə imkan verilməyəcək.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi APA-ya  məlumat verib.

Piketin yüksək təhlükəsizlik şəraitində keçirilməsi üçün təşəbbüs qrupunun üzvləri - İbrahim İbrahimli, Eldəniz Quliyev oktyabrın 5-i  Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq, qanunun tələbləri nəzərlərinə çatdırılıb və xəbərdarlıq edilib.

 Baş Polis İdarəsinin Mətbuat Xidmətindən bildirilib ki, piketin keçiriləcəyi ərazidə, hərəkətin  intensivliyini, əhalinin sıxlığını nəzərə alaraq, polis tərəfindən qanunun tələblərinə uyğun razılaşdırılan xüsusatlardan kənar, qanunsuz müdaxilə və cəhdlərin, əhalinin rahatlığını, təhsil müəssisələrinin, idarə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı alınacaq. Say tərkibi müəyyən olunan piket iştiraçılarından kənar şəxslərin təyin olunmayan yer və ətraf ərazilərə toplanması nəzərdə tutulmayıb.

Qeyd olunanları nəzərə alaraq, təşəbbüskarları və qanunla 50 nəfərlik piketdə iştirak etmək arzusunda olanların hüquq qaydasına əməl etmələri tövsiyə olunub.