22:58, 19 Avqust 2019 (Bazar ertəsi) 53

"Bu xəbər gülüş doğurur və ona inananlara təəssüf hissi ilə yanaşırıq" - Nazirlik

Avqustun 19-da Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan mətbuatının bu ölkənin Azərbaycanla sərhədində strateji bir hissəsini ələ keçirməsi ilə bağlı məlumatını təkzib edib.

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən "Turan” informasiya agentliyinə bildiriblər ki, bu informasiyanın heç bir əsası yoxdur və əsassız xəbər təbliğat məqsədilə yayılıb: "Bu xəbər gülüş doğurur və ona inananlara və yayanlara təəssüf hissi ilə yanaşırıq".

MN-nin mətbuat xidmətindən vurğulayıblar ki, əksinə, Azərbaycan ordusu Ermənistan ordusunun istənilən fəaliyyətini "müxtəlif kalibrli silahların nişangahı altında saxlayır, vizual və xüsusi texniki müşahidə vasitələri ilə izləyir, eləcə də onun istənilən hərəkətinin qarşısını hər an almağa hazırdır".

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü avqustun 19-da AzadlıqRadiosu-nun erməni xidmətinə deyib ki, ölkənin silahlı qüvvələri Azərbaycanla sərhədin şimal-şərq hissəsində strateji ərazi ələ keçiriblər. Artsrun Hovannisian bunun necə baş verdiyini, digər detalları açıqlamayıb.

Baş nazir Nikol Pashinyanın rəhbərlik etdiyi hakim blok üzvləri, təhlilçilər bundan öncə sosial mediada yazıblar ki, Tavuş regionunda Ermənistan-Azərbaycan sərhədinin hektarlarla hissəsi Ermənistanın nəzarətinə keçib.

Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan isə feysbukda yazıb: "Çinari kəndi daha atəşə tutulmayacaq. Ermənistana daxil olan qaz kəmərinin təhlükəsizliyi də təmin olunub”.

Ötən həftə Azərbaycan tərəfin yaydığı oxşar informasiyanı Ermənistan təkzib etmiş, sərhəddə irəliləməklə bağlı məlumatını "növbəti informasiya tələsi” adlandırmışdı. Onda Azərbaycan tərəfdən bildirilmişdi ki, yeni mövqelər tutulduqdan sonra Ermənistan ərazisindəki bəzi döyüş postlarına və bu postları birləşdirən yollara nəzarət imkanı əldə olunub.

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı Qarabağ münaqişəsi başlayıb. Tərəflər arasında 1994-cü ildə imzalanan atəşkəs müqaviləsinə qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayon işğal edilib.

Qarabağ münaqişənin nizamlanması ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupda həmsədr dövlətlərdir.