16:03, 17 May 2019 (Cümə) 63

“Bursagaz” və “Kayserigaz” şirkətlərini "SOCAR" satın alıb

“Bursagaz” və “Kayserigaz” şirkətlərini
Türkiyənin Rəqabət və Enerji Bazarı Tənzimləmə Qurumları (EPDK) "Bursagaz” və "Kayserigaz” şirkətlərinin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) satışı və təhvilinə dair icazəni verib.
 
Bu barədə məlumatı "Habertürk” yayıb.

"Millenicom” şirkəti ilə bağlı isə İnformasiya Texnologiyaları və Əlaqələr Qurumunun gələn həftə icazə verəcəyi gözlənilir. Ümumilikdə isə "EWE Turkey Holding”in təhvil-təslim işlərinin mayın 29-da tamamlanması gözlənilir.

SOCAR bu ilin yanvar ayında Almaniyanın "EWE AG” enerji şirkətinin Türkiyədəki əməliyyatlarını idarə edən "EWE Turkey Holding” və qrupa daxil olan şirkətləri satın alıb. "EWE Turkey Holding”ə "Bursagaz”, "Kayserigaz”, "Enervis”, "EWE Enerji” və "Millenicom” şirkətləri daxildir. Bildirilmişdi ki, satınalma işlərinə Rəqabət Qurumu və digər əlaqədar təşkilatların razılığından sonra yekun vurulacaq.

2007-ci ildə Türkiyə bazarına daxil olan "EWE Turkey Holding” enerji təbii qaz paylanması və telekommunikasiya sahələrində "Bursagaz”, "Kayserigaz”, "Enervis”, "EWE Enerji” və "Millenicom” vasitəsilə fəaliyyət göstərirdi. "Bursagaz” və "Kayserigaz” ilə Türkiyənin dördüncü böyük təbii qaz tədarükçüsü olan "EWE Turkey Holding" 2017-ci ilin sonundan etibarən, təxminən, 2,4 mlrd. TL-lik dövriyyəyə nail olub.