12:40, 13 Fevral 2020 (Cümə axşamı) 182

Böyük Britaniya Azərbaycandakı seçkilərdən məyus olub

Böyük Britaniya Azərbaycandakı seçkilərdən məyus olub

Birləşmiş Krallıq Azərbaycanda keçirilən parlament seçkilərinin beynəlxalq demokratik standartlara cavab verməməsindən narahatdır.

 

Turan informasiya agentliyi xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Xarici siyasət ofisinin bəyanatında deyilir. Bəyanatda ATƏT DTİHB və Avropa Şurası Parlament Assambleyasının məlumatına istinad edilir.


 

"Bizi ATƏT-in seçki mühitinin həddindən artıq məhdudlaşdırılması və həqiqi rəqabətin təmin edilməməsi, səsvermə günündə səslərin sayılması zamanı qeydə alınan prosedur pozuntularının son nəticələrə şübhə yaratmağa əsas verməsi barədə yayılan məlumatlar narahat edir", deyə bəyanatda bildirilir.

Bununla belə, Mərkəzi Seçki Komissiyasının şəffaf fəaliyyət göstərməyə yönələn səylər qeyd edilir.


Böyük Britaniya Azərbaycanı sərbəst toplaşmaq və dinc etiraz hüququna hörmət etməyə çağırır.


"Böyük Britaniya ilə Azərbaycan arasında güclü tərəfdaşlıq var və biz seçki islahatları və demokratik prosesin yaxşılaşdırılması ilə bağlı Azərbaycan hakimiyyətinə dəstək verməyə hazırıq", deyə bəyanatda qeyd edilir.