18:29, 16 May 2019 (Cümə axşamı) 68

"Üç aydır MRT-yə belə salmırlar, onu müayinə etsəydilər belə olmazdı" - Məhbubə Qurnanova

Gəncə hadisələri ilə bağlı həbs edilmiş Aydın Qurbanovun vəziyyəti kəskin pisləşib.

Həyat yoldaşı Məhbubə Qurnanovanın verdiyi məlumata görə, əri mədə xərçəngindən əziyyət çəkir. Xəstəlik təhlükəli mərhələyə keçib - mədəsində olan şiş qara ciyərinə metastaz verib.

Qurbanov 2018-ci il iyulun 28-də həbs edilib və CM-in 228.3-cü maddəsi (qanunsuz silah dövriyyəsi) ilə ittiham olunur.

"Dünən Müalicə Müəssisəsinə dərman aparanda 3-4 dəqiqəlik yoldaşımla görüşə bildim. O mənə dedi ki, həkim ona "mədə xərçəngi diaqnozu qoyub və artıq metastaz olduğunu bildirib", deyə Qurbanova qeyd edib. Onun sözlərinə görə, uzun müddət həyat yoldaşına keyfiyyətli tibbi xidmət göstərilməyib. "Üç aydır MRT-yə belə salmırlar. Vaxtında onu müayinə etsəydilər belə ağır nəticələr olmazdı", deyə Qurbanova bildirib.

Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov məhbusun vəziyyəti haqqında məlumatı olmadığına istinad edərək, şərh verməkdən yayınıb. 

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Y.Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb. Onun məhkəməsi başlamayıb.
 
Turan İA