Müsahibə

Cavanşir Quliyev: “Buradakı kimi imkanlar yaradılmasa, Bakıya qayıtmaram”

24 Noyabr, 2020
1735
"Cəmiyyətin xəstəlikləri var, onları sağaltmalıyıq”

Noyabrın 22-də bəstəkar Cavanşir Quliyevin 70 yaşı tamam olub. 

O, hazırda ölkədən uzaqda - Şimali Kipr Türk Respublikasının Lefkoşa şəhərində yaşayır və Yaxın Şərq (Yakın Doğu) Universitetinin Səhnə Sənətləri fakültəsinin dekanı, professorudur.

"Toplum TV" Cavanşir Quliyevlə müsahibəni təqdim edir: 

- Cavanşir bəy, necə keçdi bu 70 il?

- Çox zəngin keçdi. Bir daha doğulsam, yenə eyni həyatı yaşayardım. İstədiyim peşə ilə məşğulam, özüm üçün istədiyim həyatı qurmuşam. Çox az şey üçün təəssüf və peşmanlıq hissi keçirirəm. Bilmirəm ömrüm harada bitəcək, amma dünyadan rahat köçəcəyimi düşünürəm. 

-  Yaşadığınız bu həyatı qiymətləndirmə şansınız olsa, hansı meyarı əsas götürərdiniz: nəyi uğur, nəyi təəssüf hesab edərdiniz?

- Gəlin təəssüflərimdən danışım, çünki uğurlarımdan özümün danışmağım doğru olmaz. Təəssüfüm odur ki, zamanımın çoxunu boşuna keçirmişəm. Bu da bir qədər tənbəllikdən irəli gəlir. O zamanları səmərəli keçirsəydim, mənə və ətrafımdakılara daha çox faydalı olardı. Həyatımla bağlı təəssüf hissi keçirdiyim elə bir ciddi məqam yoxdur. 

- 70 illik ömrünüzə xeyli uğur sığışdırmısız. Bəs boşa keçdiyini düşündüyünüz zamanlarda konkret nələri etmək istəyərdiniz?

- Etmək istədiyim həddindən artıq çoxdur. İndiyədək heç 20 faizini reallaşdırmamışam. Planlarım da çox böyükdür. Allah ömür versə, yəqin ki, bir qismini həyata keçirə biləcəyəm. Məncə, gəncliyində bədii yaradıcılıqla məşğul olan hər bir insan qarşısına gələcəklə bağlı böyük planlar qoyur. Çoxu da nə olduğunu açıqlamır. Yəqin ki, hamısını həyata keçirmək mümkün də olmur. Amma böyük planları qarşına qoymaq çox vacibdir. Onlar olmasa heç kiçikləri də həyata keçirmək mümkün deyil. Kifayət qədər uğurum olduğunu qeyd etmisiniz, amma istədiklərim daha çox idi...

- 2005-ci ildən Şimali Kiprdə yaşayırsınız. Necə oldu ki, Azərbaycandan getdiniz? 

- Qısaca desəm, sərfləri şərtlərlə iş təklifi aldım. Amma köçməyə təxminən 2 il sonra qərar verdim. Yəni xeyli düşündüm, amma ozamanki durumuma görə çox yaxşı təklif olduğunu nəzərə alıb qəbul etdim. O zaman Azərbaycanda çox gərgin həyat yaşayırdım, yorulurdum, işlərim çox idi, fiziki cəhətdən yaxşı vəziyyətdə deyildim. Dincəlmək üçün sakit bir yerə ehtiyacım vardı. Eyni zamanda burada yaradıcıllıqla məşğul olmaq üçün xeyli zamanım oldu. Kiprdə sakit və rahat həyatım var, gərgin deyiləm. Həyatımı və işlərimi öncədən planlaşdırıb yaşaya bilirəm. Bu, yaradıcılıq üçün çox səmərəlidir. Çünki bədii yaradıcılıq sakitliyi sevir. Buradakı həyatım tamamilə işlə bağlıdır. Universitetə gedirəm, qalan zamanlarımı isə evdə keçirirəm və yaradıcılıqla məşğul oluram. 

- Azərbaycandakı təhsil sistemi ilə oradakı mühiti müqayisə edirsinizmi? 

- Bəli, fərqlər çoxdur. Əsas fərq odur ki, burada rüşvət yoxdur. Nə müəllim istəyər, nə də tələbə təklif edər. Burada tanışlıq və yerlibazlıq da yoxdur, Azərbaycanda isə var. Burada tələbə universitetə oxumaq üçün gəlir, orada isə oxumamaq üçün. Belə desək, hər şey tərsinədir. Müəllim olaraq dediyim dərslərdən çox həzz alıram. Çünki tələbələr dərsləri ilə maraqlanır, əlavə suallar verirlər. Əlbəttə ki, istisnalar da var, amma ümumilikdə götürsək, vəziyyət belədir. Şimali Kiprdə ABŞ təhsil sistemi tətbiq edildiyi üçün Azərbaycandan çox fərqlidir. Dərsə gəlməmək tələbələrin istəyinə bağlıdır, azadlıq verilib. Azərbaycanda isə dərsə gəlməməyə görə cəza tətbiq edilir...

- Azərbaycana tez-tez səfər edirsiniz? 

- Azərbaycana qış və yay tətili olmaqla ildə iki dəfə səfər edirdim. Bəzən daha çox da olurdu. Son iki ildə gəlmədim. Daha sonra isə koronavirus səbəbilə gələ bilmədim. Çünki Bakıya getmək üçün iki hava limanından istifadə etməliyəm, bu da mənim yaşım və səhhətim üçün təhlükəlidir. Yəni iki ildir ki, Azərbaycana gedə bilmirəm. Çox darıxıram.
 
- Geri qayıtmağı düşünürsüzmü?

- Əslində, Kiprə 3-4 illik gəlmişdim. Düşünürdüm, gərginliyim azalar, bəstələyə bilmədiyim əsərləri bitirərəm. Amma nəticədə 3-4 il uzanıb 15 il oldu. Təbii ki, düşünürəm və hər dəqiqə qayıtmağa hazıram. Amma köçmək o qədər də asan deyil. Burada da bir çox şeylərə bağlanmışam, müxtəlif layihələrlə məşğulam. Mən hərdən yarı zarafatla palıd ağacına bənzədiyimi deyirəm. Palıd ağacını qoparmaq üçün gərək köklərini də qoparasan. Bu da xeyli zaman alır. Mənim də getməyim zaman alacaq, eyni zamanda buradakı kimi imkanlar olmalıdır ki, qayıdım. Bakıda da fəaliyyətim üçün belə şərait yaradılmalıdır. Buradakı imkanlar yaradılmasa, qayıtmaram. 

- Uzaqda olsanız da, "Feysbuk” profilinizdə ara-sıra narazılıqlarınızı yazırsınız. Tam olaraq, nələr sizi qane etmir? 

- Cəmiyyətin Sovet vaxtından qalan xəstəlikləri var. Onları sağaltmalıyıq. İndi müharibədə qalib gəldiyimiz üçün bəzi şeylər xüsusilə dəyişməlidir. Çünki hər kəsdə qalib hissi olacaq. Bu səbəbdən insanların yaşayış tərzi də dəyişməlidir, təmizlənməlidir. İdarələrdə rüşvətxorluğa, insanlara qarşı biganəliyə, məmurların oğurluğuna və korrupsiyaya qurşanmasına son qoyulmalıdır. Ümid edək ki, bunlar zamanla düzələr. Düzəlməsə məcbur olub bu problemləri yenidən dilə gətirməliyik. 

- Müharibə dövründə I Qarabağ müharibəsi zamanı yazdığınız "Əsgər marşı" yenidən ən çox dinlənilən hərbi musiqilərdən oldu. Necə bir hiss idi?

- Əlbəttə ki, gözəl hiss idi. Hərbi marş olduğu üçün insanı savaşa çağıran, zəfərə səsləyən bir musiqidir. Niyyətim də bu idi. Dinləyənlər də deyir ki, biz bu marşa qulaq asanda əlimizə top-tüfəng alıb savaşa getmək istəyirik. Mən də istədiyimə nail olduğum üçün xoşbəxt oluram. Çünki əsərim qarşısına qoyulan vəzifəni yerinə yetirib. Sənətkarın da işi budur. Mən əlimə silah alb müharibəyə gedəcək deyiləm. Mənim silahım musiqidir. 

- Müharibənin nəticələrinə münasibətiniz necədir? Sizcə, uzunmüddətli sülhü bərqərar etmək mümkün olacaqmı?

- Torpaqlarımızı geri alıb qələbə çaldıq. Rusiya sühlməramlılarının olduğu qalan rayonları da geri qaytaracağıq. İndi müharibə yeni bitdiyi, qan töküldüyü üçün sülhü tamamilə təmin etmək mümkün olmayacaq. Amma zamanla oradaki ermənilər bizim ölkəmizin vətəndaşları olaraq yaşamalıdırlar. Başqa bir yol yoxdur, istəmirlərsə, çıxıb gedəcəklər. Torpaq isə bizimdir. Bu səbəbdən də mən bu müharibənin nəticəsini qələbə hesab edirəm. İnanıram ki, bir daha o torpaqları bizdən heç kim ala bilməyəcək və Qarabağ problemi tamamilə həll ediləcək. 

Nigar Səmədli

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Müsahibə

İH şöbə müdiri: Problem müharibə iştirakçılarının işsizliyidir

17 İyul 2022

Toplum TV

Qazi Elvin Cəfərovun Sabirabad rayon İcra Hakimiyyəti qarşısında özünü yandırmasından sonra Toplum TV icra başçısı Siraqəddin Cabbarova  iki  dəfə müsahibə üçün müraciət edib, ancaq başçı hər dəfə çox məşğul olduğunu bildirərək müsahibə verməyib. Suallara  Sabirabad rayon İcra Hakimiyyəti yanında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Müslüm Rzayev cavab verib. -Elvin Cəfərovdan başqa da Sabirabadda qazi intiharları olub. Sizcə niyə qazilər etiraz üçün son varianatı - intiharı seçirlər? - Özünü asan qazini nəzərdə tutursunuz yəqin. Onun da ailəsi intiharın səbəbi ilə bağlı müraciət edib, bizim rəhbərlik onları qəbul edib, dinləyib. Kim bu barədə soruşursa, öyrənmək istəyirsə,...
Müsahibə

Rasim Balayev AKİ-yə sədr seçildi

31 May 2022

açıq mənbədən götürülüb

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı baş tutub. Report-un xəbərinə görə, Xalq artisti Rasim Balayev ittifaqın sədri seçilib. Toplantını Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev açıb və ittifaqın sədrliyinə Rasim Balayev namizədliyinin irəli sürüldüyünü deyib. Anar Rzayev seçkinin açıq səsvermə ilə keçirilməsini təklif edib və onun təklifi qəbul olunub. Açıq səsvermə ilə Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib. İttifaqın əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

Seçilmiş Videolar

Toplum TV loqo