15:24, 18 Sentyabr 2018 (Çərşənbə axşamı) 937

Cavanşir Quliyev: "Təəssüf ki, dünya miqyasında tanınan bəstəkarlarımız yoxdur"

Cavanşir Quliyev:
Bu gün Azərbaycanda  Milli Musiqi günüdür. 

Milli Musiqi günü həm də Üzeyir Hacıbəylinin doğum günü kimi qeyd olunur. 

Özəl günlə bağlı bəstəkar Cavanşir Quliyev Toplum.TV-yə fikirlərini bölüşüb.

O həmçinin milli musiqi sənətinin inkişafından da danışıb: "Bu gün Üzeyir bəyin doğum günüdür. Bütün musiqiçilər və musiqisevərlər üçün işıqlı və əziz bir gündür. Üzeyir bəyin əsasını qoyduğu müasir peşəkar musiqisi bu gündə inkişafını davam etdirir, musiqinin müxtəlif janrlarında yeni əsərlər yaranır, müxtəlif festivallar və digər tədbirlər keçirilir. Eyni zamanda musiqimizin nailiyyətləri - Üzeyir bəyin, Qara Qarayevin, Fikrət Əmirovun, Arif Məlikovun və digər bəstəkarlarının yaradıcılığı başqa ölkələrdə də təbliğ olunur".

Cavanşir Quliyev qeyd edib ki, müasir dövrümüzdə dünya miqyasında tanınan bəstəkarlarımız çox təəssüf ki, yoxdur.

"Niyə yoxdur?" sualına isə bəstəkar belə cavab verib: "Onu Allahdan soruşun...çünki dahilik Onun işidir..."

Məlumat üçün bildirək ki, bu gün Milli Musiqi günü münaaibətilə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabanda bəstəkar Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər.

Ziyarətə mədəniyyət naziri Əbülfəz Qarayev, nazir müavini Vaqif Əliyev, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və digərləri qatılıblar.

Eks-prezident Heydər Əliyevin fərmanı ilə 1995-ci ildən etibarən sentyabrın 18-i Milli Musiqi Günü kimi qeyd olunur.

Samirə Əliyeva
Toplum.Tv