Siyasət

"Cəbrayıl var ki, müraciət də edəm?" - Mənim hekayəm

18 Dekabr, 2018
1650
Təşkilat Xuduyev 1943-cü ildə Cəbrayıl şəhərində doğulub. 

Qarabağ müharibəsi başlayana qədər öz torpağında yaşayıb.

Elə Qarabağ uğrunda gedən döyüşlərdə də oğlu İldırım Xuduyevi şəhid verib.

Daha sonra müharibə səbəbindən Cəbrayılı tərk edib, Bakıya gəlmək məcburiyyətində qalıb. 

2000-ci ilə qədər qızı ilə birgə yaşayan Təşkilat Xuduyev qızı ailə qurduqdan sonra məcburən ayrı evə çıxmalı olduğunu deyir. 

Həmin dövrdə Bakı şəhəri, Babək prospekti 79 ünvanında yerləşən beşmərtəbəli binadan kiçik bir otaq alıb. 

O gündən bəri bu birotaqlı mənzildə yaşayır: "Bura otaq da demək olmaz, binanın dəhlizi kimi bir yer idi. Mən özüm buranı ev vəziyyətinə gətirmişəm. İndi bir otaq, bir də dəhlizdən ibarətdir. Oğlumla birgə yaşayıram, onun da ailəsi var. İçəri otaqda onlar qalır, mən də dəhlizdə - tualetin yanına bir yataq qoyub burada qalıram. Evin pəncərəsi də yoxdur, qapı tərəfdən isə ancaq kanalizasiya boruları keçir. Paltar asmağa belə yer tapa bilmirik. İydən evdə oturmaq olmur. Binanın zirzəmisi su ilə dolub. Bina sökülmədən oranı təmizləmək qeyri-mümkündür". 
 
"Yaşadığım yer, bax, buradır, vəziyyətim olduqca ağırdır"

Binanın yaşayış üçün yararsız olduğunu deyən Təşkilat Xuduyev dəfələrlə rəsmi qurumlara müraciət etsə də, ona diqqət göstərilmədiyindən şikayətlənir: "Rəsmi qurumlara müraciət edəndə cavab olaraq deyirlər, Cəbrayıl Rayon İcra Hakimiyyətinə müraciət et. Cəbrayıl var ki, müraciət də edəm? Cəbrayıl Rayon İcra Hakimiyyətinin nümayəndələri bir dəfə vəziyyətə gəlib baxıb. Onlar da deyir ki, bizim yerimiz-yurdumuz, torpağımız yoxdur. Biz səni harada yerləşdirə bilərik? Hamısı bir-birinin üstünə ötürür, nəticə isə yoxdur. Yaşadığım yer, bax, buradır, vəziyyətim olduqca ağırdır. Yanımda yaşayan  oğlum da şəkər xəstəsidir, dərmanla yaşayır. Buranın şəraitini özünüz görürsünüz, rütubət, iy, havasızlıq…"

 
Cəbrayılı tərk edəndə özü ilə mal-qaranı gətirmək istəsə də, övladları qarşı çıxıb: "Rayondan çıxanda 60 baş qoyun, 12 baş mal-qaranı gətirməyə o biri uşaqlarım icazə vermədilər. Dedilər ki, Heydər Əliyev gəlib torpaqları qaytaracaq, Bakıda mal-qaranı necə saxlayacaqsan? Dedim, eybi yox, satıb puluna ev alaram. Elə həmin dövrdə o biri oğlum da Lələtəpə tərəfdə qalmışdı, onu qurtarmaq üçün Arazı keçdim. Elə mal-qaranı orda qoyub, oğlumun əlindən tutdum. Dedim, elə səni tapmışam, başqa heç nə istəmirəm. Bir oğlumu şəhid vermişəm, ikincini verməyəcəm. Onu qurtarmaq üçün çox şeydən keçdim. Mənim başıma çox iş gəlib, həyatımı yazsalar, roman olar. Ağlamaqdan, başıma döyməkdən gözümün biri də kor olub. Nə bilim, burada qonşular mənə lağ edir. Deyirlər, sən şəhid atası ola-ola belə bir yerdə yaşayırsan".
 

 
"Mənim oğlum düşmən tapdağı altında qalmamalıdır"

Təşkilat Xuduyevin unuda bilmədiyi xatirələr isə şəhid olan oğlunun cəsədini tapması ilə bağlıdır. O günləri həyatının ən ağrılı səhnələri kimi xatırlayır: "Oğlumun cəsədini götürmək üçün cəsədlər yığılan yerə getmişdim. Orada mənə dedilər ki, oğlun orada vurulub qalıb, onu ordan gətirə bilmərik. Posta gedən maşınlardan birinə mindim, əsgərlər təəccüblə nə etdiyimi soruşdular. Dedim, siz hara gedirsinizsə, mən də ora gedəcəyəm. Mənim oğlum düşmən tapdağı altında qalmamalıdır. Orda əsgərlərdən biri məni kənara çəkib dedi ki, mən oğlunuz İldırımın silah yoldaşıyam. O vaxt o bizim komandanı qorumaq üçün 6 saat təkbaşına döyüş aparıb. Sonda gülləsi bitdiyi üçün qumbaranı partlatdı, biz qaçdıq, o isə şəhid oldu. Sonra dedi ki, orda hərbi hospitala get, öz gözlərimlə onun cəsədini görmüşəm. Kəşfiyyat vaxtı onun cəsədi tapılıb hospitala gətirilib".

Hərbi hissədən çıxıb Tərtərdə yerləşən hərbi hospitala gələn Təşkilat Xuduyev üçün rastlaşdığı mənzərəni xatırlamaq və təsvir etmək olduqca çətindir. 
 

 
O özü belə deyir: "Oranın mənzərəsi çox dəhşətli idi. Məni bir az gözlətdilər, sonra hospitalın işçisi mənə dedi ki, basdırılan meyitlərin şəkilləri çəkilib, 175 şəkil var. Onların içindən oğlunu tanıya biləcəksənmi? Mən də dedim ki, oğlumun  3 qızıl dişi var, ondan tanıyacağam. Lap dişləri çıxmış olsa da, saçlarından tanıya bilərəm. 2-3 ay keçmişdi, qış idi deyə meyitləri tanımaq olurdu. Tərtərin kənd qəbiristanlığına getdik. Qəbir daşları da yox idi, solafana büküb torpağa basdırmışdılar. Bir-iki meyidə baxandan sonra oğlumu tanıdım. Köhnə pulla 14 min manat pul verib ona öz hesabıma qəbir daşı düzəltdirdim. Çünki Tərtər Rayon İcra Hakimiyyətinin başçısı dedi ki, hər rayonun öz icra hakimiyyəti bu işlərlə məşğul olmalıdır. Bir müddət get-gələ düşdükdən sonra qəbir daşını özüm qoydurdum . Sonra yoldaşım ölüm yatağında olarkən vəsiyyət elədi ki, o qəbir üçün çox əziyyət çəkmisən, məni də apar oğlumun yanına. Dedim yox, onun qəbrini bura gətirərəm. Yenidən öz hesabıma, qəbri Tərtərdən Bakıya gətirib dəfn etdim".


 
Məcburi köçkün kimi mənzillə təmin olunmamasından əlavə, o, həm də şəhid ailələrinə verilən birdəfəlik müavinəti ala bilmir: "Bu yaşa qədər heç yerə gedib, heç kimdən 5 manat istəməmişəm. Hətta icra hakimiyyətinin verdiyi qurban ətini belə almamışam. Əlim-ayağım sağlam olub, işləyib öz başımı dolandırmışam. Ancaq  sığorta pulunu şəhid ailəsinə verməmək nə deməkdir? Sığorta idarəsinə getdim, dedilər ki, oğlunuzun adı yoxdur. Onun pulunu kim alıb, kim yeyib bilmirəm. Mənə də bu günə qədər bir manat kömək edən olmayıb. Bəhanə gətirdilər ki, guya müharibə vaxtı köhnə pulla 5 şirvan dəyərində sığorta pulu aldığım üçün oğlumun adı siyahıya salınmayıb. Ancaq mən heç o 5 şirvanı da almamışam. Nazirliyə hələ də gedib-gəlirəm. İşin axırı necə olacaq özüm də bilmirəm".





Qeyd: Prezident İlham Əliyev aprelin 19-da "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin (11 min manat) verilməsi mexanizmini müəyyən edən Qaydaların layihəsi hazırlansa da, indiyə qədər bir çox şəhid ailəsi müavinətlərini ala bilmədiklərini deyirlər. Şəhid ailələri son iki ayda müxtəlif qurumların qarşısında 8 dəfə etiraz aksiyası keçiriblər.  

Dekabrın 17-də İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində şəhid ailələrinə 11 min manat pulun ödənilməsi barədə Fərmanının icrasından da danışıb: "Təqribən, 10 minə yaxın ailə dövlət tərəfindən pul təminatını alacaq. Hazırda siyahılar dəqiqləşdirilir”.
 
Türkan Bəşir
Toplum.Tv


 

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo