16:16, 12 Fevral 2019 (Çərşənbə axşamı) 956

Cəsur Sümərinli: “Azərbaycanın NATO-ya üzvlük hədəfi yoxdur”

Cəsur Sümərinli: “Azərbaycanın NATO-ya üzvlük hədəfi yoxdur”
NATO ilə əməkdaşlıq çərçivəsində layihələrin keçirilməsi, ikili və çoxtərəfli əlaqələr haqqında xəbərlərə medyada ara-sıra rast gəlinir. 

Bu da Azərbaycan-NATO əlaqələri haqqında bir çox suallar doğurur.

Azərbaycan-NATO əlaqələri haqqında Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli Toplum.TV-nin suallarına cavab verib: 

- Bir çox ölkə NATO-ya üzv olmasa da, bu çərçivədə əməkdaşlığa önəm verir. Bunun səbəbi nədir? Gələcəkdə üzv olmaq, yoxsa, sadəcə, ordunu inkişaf etdirmək?

- NATO müstəqil, demokratik, insan haqlarına hörmət edən, təhlükəsizliyi təmin edən dövlətlərin ittifaqıdır. Beləliklə, NATO ilə əməkdaşlıq ilk növbədə demokratik inkişaf yolunu seçmək hesab edilir. Gələcəkdə bu alyansa üzv olub-olmamaq məsələsi isə hər bir dövlətin öz işidir. Cənubi Qafqaz bu baxımdan spesifikdir. Bu regionun 3 ölkəsinin NATO ilə əməkdaşlıq səviyyəsi müxtəlifdir. Gürcüstan NATO-ya üzvlük məqsədini güdür və alyansla intensiv əməkdaşlıq planlarına malikdir. Ermənistan isə antinato mövqeli, Rusiyanın hegemon olduğu Kollektiv Təhlükəsizlik Sazişi Təşkilatının üzvüdür və daha çox Rusiya hərbi standartlarını özündə daşıyır. Buna baxmayaraq rəsmi Yerevan NATO ilə əməkdaşlıqdan yararlanmağa çalışır. Azərbaycan isə "Qoşulmayanlar hərəkatı”nın üzvü olmaqla "hərbi-siyasi bloklardan kənar qalma” siyasətini yürüdür və NATO ilə bir sıra sənədlər çərçivəsində əməkdaşlıq edir.

NATO-nun ötən ilin ortalarında keçirilmiş son sammitinin gedişində səslənən ismarıcları xatırlatsaq, bəlkə də, sualınıza daha ətraflı və izahlı cavab vermiş olaram. NATO-nun sonuncu Brüssel sammitinin verdiyi ismarıclar onunla yadda qaldı ki, alyans "açıq qapı" siyasətini davam etdirəcək. Bu çərçivədə NATO tərəfdaş dövlətləri müdafiə və təhlükəsizlik sektorunda islahatlara çağırır və bu istiqamətdə konkret dəstəyini təklif edir. Brüssel sammiti bəyannaməsinin 67-ci maddəsində Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovanın müstəqilliklərinə, ərazi bütövlüklərinə dəstək ifadə olunub. Bu çərçivədə NATO Cənubi Qafqazdakı münaqişələrin sülh yolu ilə həllinə tərəfdar olduğunu bəyan edib. 

Brüssel sammiti bəyannaməsinin 65-ci maddəsi bütünlüklə Gürcüstana həsr olunmuşdu və bu baxımdan NATO-nun Qafqazın "model dövləti"nə dəstəyi həmin maddədə əksini tapmışdı. NATO açıq-aşkar Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və Rusiyanı işğalçılıq siyasətinə son qoymağa çağırır. Fikrimcə, NATO-nun son sammiti Gürcüstanın alyansa üzvlük yolunda addımlarını daha da sürətləndirəcək. Yaxın bir il ərzində biz NATO-nun Gürcüstana hərbi-siyasi dəstəyinin daha da güclənməsinin şahidi olacağıq. 

Ermənistana gəldikdə isə yeni baş nazir Nikol Paşinyan sammitin gedişində ölkəsindəki demokratik dəyişikliklər barəsində dünya liderlərini məlumatlandırıb. Paşinyan sammitin gedişində verdiyi müsahibələrdə ölkəsinin Rusiya ilə strateji müttəfiqlik münasibətlərini saxlayacağını bəyan etsə də, tarixdə ilk dəfə olaraq rəsmi Yerevan NATO-dan və onun üzvü olan ölkələrdən Ermənistandakı demokratik islahatlara dəstək istəyib. Bu islahatlar böyük ehtimalla müdafiə və təhlükəsizlik sektoruna da aiddir. Böyük ehtimalla yaxın zamanlarda Ermənistanla NATO arasında xüsusi əməkdaşlıq formatı yaradacaq və rəsmi Yerevan bu format çərçivəsində alyansın hərbi-siyasi dəstəyindən maksimum şəkildə yararlanmağa çalışacaq. Belə bir format vaxtilə NATO və Gürcüstan arasında da yaradılmışdı.

Azərbaycana gəldikdə isə yaxın perspektiv üçün NATO ilə əlaqələrin sıxlaşacağını gözləmirəm. Hazırda Azərbaycan hakimiyyəti nəinki müdafiə və təhlükəsizlik sektorunda, ümumilikdə ölkədə dərin islahatlar aparmaq gücündə və niyyətində görünmür. Beləliklə, fikrimcə, Azərbaycan hakimiyyətinin Rusiya ilə hərbi-siyasi əməkdaşlığı davam edəcək, Azərbaycan Silahlı Qüvvələrinin daha çox sovet-rus standartları üzərində qurulması prosesi inkişaf edəcək. Bütün bunlar ciddi təəssüf doğurur və hesab edirəm ki, Azərbaycanın ümumilikdə milli təhlükəsizlik maraqları üçün yaxşı nəsə vəd etmir.

- Azərbaycanın NATO ya üzvlüyü gələcək hədəflər arasında var?

- Xeyr, belə bir hədəf ortada yoxdur və hazırkı hakimiyyətin dövründə mümkün deyil. Azərbaycan hakimiyyətinin, o cümlədən Müdafiə Nazirliyinin daxilindəki korrupsiya, qeyri-şəffaflıq, saxtakarlıq NATO ilə ciddi əməkdaşlığı təxirə salır. Lakin hesab edirəm ki, ümumilikdə NATO ilə dərin, çoxşaxəli, effektiv və intensiv əməkdaşlığı həyata keçirmək ilk növbədə Azərbaycanın milli təhlükəsizlik maraqlarına uyğundur. İndiki hakimiyyət daha çox Rusiyayönümlü siyasət yürüdür. Xalqın seçdiyi hakimiyyət, yəqin ki, demokratik təsisatlarla əməkdaşlığı dərinləşdirmək öhdəliyini hiss edəcək. NATO da həmin təsisatlar içərisində əsas yerlərdən birini tutur. 

- NATO ilə əməkdaşlıq çərçivəsində keçirilən layihələrdə Azərbaycan ordusundan təmsil olunanlar nə kimi fayda verirlər?

- Son 15 ildə Azərbaycan Silahlı Qüvvələrinin 5 minə yaxın hərbi qulluqçusu NATO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərdə iştirak edib. Ümumilikdə, bu hərbi qulluqçuların Azərbaycan Silahlı Qüvvələrinə hər hansı şəkildə ciddi fayda verdiyini söyləmək çətindir. Problem ondadır ki, Azərbaycan Silahlı Qüvvələrinin bütün idarəetmə heyəti tam olaraq keçmiş SSRİ və Rusiya hərbi məktəblərinin məzunlarıdır. Onlar Azərbaycanda qərb düşüncəli kadrların yüksək vəzifələrə çıxmasının qarşısını birmənalı şəkildə alırlar. NATO tədbirlərinə göndərilənlərin əksəriyyəti isə yuxarı vəzifədə çalışanların tanışları, qohum-əqrəbaları və ya yerliləri olur. Beləliklə, həmin zabit və əsgərlərin NATO tədbirindən geri qayıdaraq Azərbaycan ordusuna hansısa fayda verəcəyini düşünmək belə mümkün deyil.

Bir məsələni xatırladım ki, vaxtilə Azərbaycan ali hərbi məktəblərində təlim-tədris sistemi NATO standartlarına uyğun qurulmuşdu və oranı bitirən bəzi zabitlər hərbi hissələrdə mövcud olan rüşvət və korrupsiya ilə mübarizə aparmağa cəhd etsələr də, uğursuzluğa düçar oldular. Müdafiə Nazirliyinin rəhbərliyi səviyyəsində onları sıxışdırdılar və əksəriyyəti ordudan tərxis olunmaq qərarı verdi. 2000-2005-ci illərdə baş vermiş bu gərginliyi ölkə mətbuatı "Orduda NATO-Sovet toqquşması” adlandırırdı. Təəssüflər olsun ki, həmin "dava”dan Sovet standartları "qalib” çıxdı…

- Bu illər ərzində Azərbaycan NATO-nun hansı layihələrində iştirak edib və nə kimi fayda əldə edib?

Azərbaycan 2005-ci ildən NATO ilə Fərdi Fəaliyyət üzrə Əməkdaşlıq Planı (IPAP) sənədini həyata keçirir və hazırda 5-ci mərhələsindədir. Ermənistanda olduğu kimi, Azərbaycanda da bu mərhələ 2019-cu ilin sonlarında başa çatmalıdır. Təəssüflər olsun ki, bu mərhələdə hansı islahatların və dəyişikliklərin həyata keçiriləcəyi ilə bağlı Azərbaycan cəmiyyətinə məlumat verilmir. 

Rəsmi məlumatlara görə, Azərbaycan Müdafiə Nazirliyi NATO ilə IPAP səndindən başqa Sülh Naminə Tərəfdaşlıq Proqramı, Planlaşdırma və Analiz Prosesi , Əməliyyat İmkanları Konsepsiyası, Tərəfdaşlığın Qərargah Vəzifəsi , Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı, Sülh Naminə Elm Proqramı kimi proqramlar və mexanizmlər vasitəsilə əməkdaşlıq edir. Eyni zamanda bu gün NATO ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın 120 hərbi qulluqçusu Əfqanıstandakı "Qətiyyətli dəstək" missiyasında (Resolute Support mission) iştirak edir.

Hesab edirəm ki, Azərbaycan tərəfi NATO-nun dəstək təkilflərindən indiyədək kifayət qədər yararlanmayıb. Vaxtilə - 2005-2008-ci illərdə, IPAP sənədinin birinci mərhələsi həyata keçirilən zaman Müdafiə Nazirliyi və digər hərbi birləşmələr ciddi islahatlar və bununla bağlı cəmiyyət qarşısında hesabatlılıq, şəffaflıq, mətbuatla sıx münasibətlər kimi məsələlər diqqət mərkəzində idi. Rəsmi Bakı müəyyən qədər də olsa bu tələblərə əməl etməyə cəhd edirdi, Azərbaycan hakimiyyəti daxilində, eyni zamanda güc strukturlarının, xüsusilə də Müdafiə Nazirliyinin tərkibində avroatlantik strukturlarla inteqrasiyanın güclənməsini arzulayan şəxslər gözə dəyirdi, lakin 2008-ci ilin avqust hadisələrindən - Rusiyanın Gürcüstan ərazilərini işğal etməsindən sonra rəsmi Bakı faktik olaraq avroatlantik strukturlara inteqrasiyanı dondurdu. Bir qədər sonra, 2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv oldu və bundan sonra nə qədər qəribə olsa da Rusiya ilə hərbi-texniki əməkdaşlığı gücləndirdi və 5 milyard dollarlıq hərbi müqavilə imzaladı. Söz yox ki, Azərbaycan Türkiyə və İsraillə də müəyyən məbləğli hərbi müqavilələr imzalayıb. Amma fakt odur ki, hazırda Azərbaycanın hərbi siyasətində əsas ağırlıq nöqtəsi Rusiya ilə əməkdaşlıqdır. Baş verənləri nəzərə alaraq hesab edirəm ki, son 5-6 il ərzində Azərbaycanın NATO ilə əlaqələrinin səviyyəsi minimuma enib. 

- NATO  ilə əməkdaşlıq Azərbaycan üçün nə qədər vacibdir?

- NATO bütövlükdə demokratik, korrupsiyadan uzaq, xalq qarşısında hesabatlı ölkələrin birliyidir. Bu təşkilatla sıx əməkdaşlıq prosesi Azərbaycan Silahlı Qüvvələrinə, ümumilikdə müdafiə və təhlükəsizlik sektoruna, ən nəhayətdə bütün dövlət strukturlarına, cəmiyyətə bir inkişaf qığılcımı bəxş edə bilər. Əgər Azərbaycan NATO ilə əməkdaşlıq prosesini dərinləşdirmək yolunu götürsə və rəsmi Bakı bu baxımdan marağını ortaya qoysa, o zaman müdafiə və təhlükəsizlik sektorunda ciddi dəyişikliklərin baş verməsi qaçılmaz olardı. Amma bütün bunlar, təəssüf ki, inandırıcı görünmür. 

Hesab edirəm ki, Azərbaycan hakimiyyəti NATO-nun aşağıdakı istiqamətlərdə dəstəyindən mütləq yaralanmalıdır:

Birincisi, korrupsiyaya qarşı mübarizə proqramı (Building Integrity). Bu proqram çərçivəsində müdafiə və təhlükəsizlik sektorunda hazırda tuğyan edən korrupsiya, rüşvətxorluq, yeyinti və mənimsəmələr aradan qaldırılmalıdır. Müdafiə büdcəsinin əsas detalları (məxfi hərbi məqsədlər üçün ayrılmış bəzi xırda hissələr istisna olmaqla) cəmiyyət üçün açıqlanmalı, büdcənin xərclənmə prosesi, onun ən sadə əsgərə çatması prosesi cəmiyyətə aydın olmalıdır. Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələrin ehtiyacları üçün həyata keçirilən tenderlər, satınalmalar barəsində cəmiyyətə məlumat verilməlidir. Hazırda daha çox istifadə olunan "qapalı tenderlər" praktikasına son qoyulmalı, tenderlərdə azad rəqabətin həyata keçirilməsi təmin olunmalı və tender iştirakçılarının hüquqları təmin olunmalıdır. Hərbidə büdcə şişirdilmələrinə son qoyulmalıdır. Bu istiqamətdə NATO-nun ekspert qrupunun məsləhətindən istifadə edilməsi vacibdir.

İkincisi, cəmiyyət və parlament qarşısında hesabatlılıq. Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, Müdafiə Nazirliyinin parlament qarşısında hesabat vermə təcrübəsi demək olar ki yoxdur. Onu da qeyd edim ki, qanunvericilikdə bu istiqamətdə ciddi boşluqlar var və Müdafiə Nazirliyinin və digər hərbi strukturların rəhbərliyi bu boşluqdan məharətlə istifadə edərək parlament qarşısında hesabat verməkdən yayınır. 1995-ci ildən bu yana müdafiə nazirinin parlamentdə çıxışına, hesabat verməsinə rast gəlinməyib. Maraqlıdır ki, Azərbaycanın müxtəlif ölkələrdən, xüsusilə də Rusiyadan aldığı milyardlarla dollarlıq silah və hərbi texnika barədə parlament qarşısında hər hansı hesabat yoxdur. 

NATO standartlarına görə, müdafiə və təhlükəsizlik sektoru üzərində parlament nəzarəti vacibdir, əks təqdirdə silahlı qüvvələr bütünlükdə cəmiyyət, dövlət üçün təhlükəli qüvvəyə çevrilə bilər. Bu kontekstdə hesab edirəm ki, rəsmi Bakı NATO tərəfinin, eyni zamanda bir sıra beynəlxalq tanınmış hərbyönlü qeyri-hökumət təşkilatlarının dəstəyindən yararlana bilər. Digər məsələ hərbi-mülki münasibətlərlə bağlıdır. Alyans standarlarında hərbi sistem əlahiddə götürülmür və buna hər zaman hərbi-mülki münasibətlər kontekstində yanaşılır. Hərbi-mülki münasibətlər Müdafiə Nazirliyinin daxilindən başlanan prosesdir və Müdafiə Nazirinin aparatının (mülki işçilər çalışır) Silahlı Qüvvələrin Baş Qərargahından (hərbçilər çalışır) ayrılması ilə müşayiət olunur. 

Müdafiə Nazirliyi daxilində Baş Qərargah Müdafiə Nazirinə hesabat verən struktur kimi xarakterizə olunur. Müdafiə Naziri isə cəmiyyət və parlament qarşısında hesabatlı olmalıdır. Yəni ordunun daxilindi hərbçilər mülki şəxslərə hesabatlı olmalıdırlar. Mövcud vəziyyət göstərir ki, Azərbaycan Silahlı Qüvvələrində həyata keçirilməsi vacib olan islahatlardan biri ləngiyir. Halbuki IPAP sənədinin birinci mərhələsində Müdafiə Nazirliyində hərbi-mülki münasibətlər üzrə islahatların həyata keçirilməsinə dair müddəalar vardı.

Vacib məsələlərdən biri vətəndaş cəmiyyətinin nəzarəti məsələsidir ki, NATO standartlarında bu çox vacib hesab edilir.Təəssüflər olsun ki, 2013-cü ildən bu yana Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun vətəndaş cəmiyyəti ilə münasibətləri demək olar ki, kəsilib. Mətbuat və QHT-lər təhlükəsizlik və müdafiə sektorunda baş verən hadisələri araşdıra bilmir və bu istiqamətdə onlara hüquq-mühafizə qurumlarının intensiv təzyiqləri mövcuddur. NATO standartlarına görə, cəmiyyət ordunun güzgüsüdür, hərbi sistemin naqislikləri cəmiyyət adlanan güzgüdə görünür. Ciddi hərbi islahatları həyata keçirən hakimiyyət mətbuat və QHT-lərlə əməkdaşlığı gücləndirməli, hərbi islahatlar, korrupsiyaya qarşı mübarizə, cinayətkarlığa qarşı tədbirlər barəsində cəmiyyətə intensiv məlumat verməlidirlər.

Əsas problemlərdən biri Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda audit və yoxlamaların aparılması qaydalarının təkmilləşdirilməsi ilə bağlıdır. NATO tərəfinin Azərbaycana təklif etdiyi dəstək proqramı eyni zamanda Silahlı Qüvvələrdə cinayət halları əleyhinə həyata keçirilən araşdırmaların qanunvericilik bazasının, həyata keçirilməsi texnologiyasının təkmilləşdirilməsi qaydalarını əhatə edir. Azərbaycan Müdafiə Nazirliyi və eyni zamanda digər hərbi strukturlar bu istiqamətdə ciddi şəkildə axsayırlar. Hesablama Palatası kimi qurum faktik olaraq Müdafiə Nazirliyinin və digər hərbi qurumların əlaltısına çevrilib və ciddi yoxlama həyata keçirə bilmir.

NATO standartları Silahlı Qüvvələrdə kadrlarla bağlı ciddi, ardıcıl siyasətin həyata keçirilməsi qaydalarını özündə daşıyır. Kadrların karyerası, onların irəli çəkilməsi, sosial təminat məsələlərinin həlli və s. addımlar vacib hesab edir. Təəssüflər olsun ki, Azərbaycan Silahlı Qüvvələrində əsas problemlərdən biri də məhz bu məsələlərlə bağlıdır. Sosial təminatın yüksək olması barədə rəsmi bəyanatlar əslində gözdən pərdə asmaq cəhdidir. Cəmiyyətə bəllidir ki, Azərbaycan ordusunda yerlipərəstlik, qohumbazlıq hökm sürür, eyni zamanda sosial təminat yüksək deyil. Azərbaycan giziri 400-600 manat, leytenantı isə 500-700 manat məvacib alırsa, onlara kirayə üçün 50-80 manat vəsait verilirsə, hansı yüksək sosial təminatdan danışmaq olar? 

Aydındır ki, Azərbaycan reallığında bu vəsait nəinki bir ailənin, hətta tək şəxsin normal yaşamasına bəs etmir. Beləliklə, hesab edirəm ki, əgər islahatlar mövzusu gündəmdədirsə, o zaman hərbi strukturlarda, xüsusilə də Müdafiə Nazirliyində insan amilinin daha üst mövqeyə çıxarılması vacibdir. Azərbaycan Müdafiə Nazirliyi xarici ölkələrdən milyardlarla silah və hərbi texnika alır. Əgər onları idarə edəcək sosial təminatlı, hüquqları qorunan, savadlı, ordunu sevən zabit yoxdursa, o zaman o texnikalar niyə alınır və yaxud necə istifadə olunacaq?!

Əminə Məmmədova
Toplum.Tv