15:41, 11 Dekabr 2019 (Çərşənbə) 184

CPJ: Azərbaycanda 6 jurnalist həbsdədir

CPJ: Azərbaycanda 6 jurnalist həbsdədir
2019-cu ildə Çin hökuməti azı 48 jurnalisti həbsə atdırıb və bu sahədə bütün ölkələrdən önə çıxıb.
 
AzadlıqRadiosu xəbər verir ki, Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) dekabrın 11-də açıqladığı hesabatda belə deyir.

Ümumilikdə isə bu il dünyada azı 250 jurnalist həbsdə olub. Ötən il onların sayı 255 idi, yəni, azalma var. ​

Azərbaycan və qonşuları

Jurnalistləri həbs edən ölkələrin reytinqində Türkiyə 47 jurnalistlə ikinci yerdədir. Ötən il bu ölkədə 68 jurnalist həbs olunmuşdu. Səudiyyə Ərəbistanı və Misirin hərəsində 26 jurnalist dəmir barmaqlıqlar arxasındadır.

Bu il etirazların bürüdüyü İranda 11 jurnalist həbs olunub, hesabatda deyilir.

İqtisadi məsələlər üzrə tanınmış reportyor Mohammad Mosaed internet kəsiləndə tvit atandan sonra həbs edilib. Noyabrın 15-də yanacağın bahalanmasına etiraz aksiyaları vaxtı hakimiyyət interneti bağladı və ölkədən xəbərlərin ötürülməsini önlədi.

Təşkilat Azərbaycanda 6 jurnalistin həbsdə olduğunu bildirir. Onlar Meydan TV-nin əməkdaşı Əfqan Muxtarlı, "Xəbər 44” saytının baş redaktoru Araz Quliyev, "Kənd.info” saytının təsisçisi və baş redaktoru Elçin İsmayıllı, "Reallıq.info” saytının baş redaktoru İkram Rəhimov, "Xeberman” saytının baş redaktoru Polad Aslanov və "Azadlıq” qəzetinin bölgə müxbiri Ziya Əsədlidir.

Azərbaycan hakimiyyəti isə ölkədə heç bir jurnalistin peşə fəaliyyətinə görə həbs olunmadığını, konkret cinayətə görə cəzalandırıldığını bildirir.

Çinin liderliyinin səbəbi

CPJ-nin məlumatına görə, Rusiyada 7 jurnalist həbsdədir, onlardan dördü ilhaq olunmuş Krımda işlədiyinə görə həbs olunub.

Qurum bildirir ki, Çində həbslə cəzalandırılan jurnalistlərin sayı "Prezident Xi Jinping ölkəyə siyasi nəzarəti möhkəmləndirdiyindən davamlı olaraq artır”.

"Bir milyon etnik müsəlmanın düşərgələrdə saxlandığı Sintzyan regionunda divantutma onlarla jurnalistin həbsilə nəticələnib, bəziləri isə jurnalist fəaliyyətinə görə illər öncə həbs olunublar”, – hesabatda vurğulanır.

Bu il Yaxın Şərqdə "avtoritarizm, qeyri-sabitlik və etirazlar” daha artıq jurnalistin həbsə atılması ilə sonuclanıb.

Dünyada həbsdə olan jurnalistlərin 8 faizə yaxını qadınlardır, ötən il bu göstərici 13 faiz idi.

Jurnalistlərin həbs olunmasına əsasən siyasət, insan haqları və korrupsiya mövzuları səbəb olub, qurum bildirir.

Hesabata daha öncə buraxılan, yaxud silahlı qruplaşmaların ələ keçirdiyi jurnalistlər salınmayıb.