18:03, 18 İyul 2019 (Cümə axşamı) 120

Daha bir vəkilin fərdi fəaliyyətinə xitam verildi

Daha bir vəkilin fərdi fəaliyyətinə xitam verildi
Vəkil Aqil Layıcın fərdi vəkil fəaliyyətinə xitam verilib. 

O, bu barədə öz feysbuk hesabında yazıb. 

Bildirib ki, iradəsi və xahişi olmadan onu 20 saylı Vəkil Burosuna vəkil təyin edibər.

Aqil Layıc hesab edir ki, vəkillik fəaliyyətini tənzimləyən qanunda fərdi vəkilliyin ləğv edilməsinin hüquqi əsası yoxdur. 

Fərdi vəkilin büroya təhkim olunması ancaq onun vəsatəti əsasında ola bilərdi: "Lakin mənim belə bir xahişim, vəsatətim olmayıb. Nəticə olaraq mənim statusumun dəyişdirilməsi qanunaziddir və hüquqi əsası yoxdur. Müvafiq qanunvericiliyin 5-ci maddəsinə əsasən vəkillik fəaliyyəti fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının (hüquq məsləhətxanaları, vəkil büroları, vəkil firmaları və s.) tərkibində həyata keçirilə bilər. Vəkillik fəaliyyətinin təşkilati-hüquqi forması vəkillər tərəfindən könüllü olaraq seçilir”.

Aqil Layıc bildirib ki, onu harasa təhkim etmək  vəkillərin müstəqilliyi institutuna ziddir: "Hər il onlarla insana pulsuz hüquqi yardım etmişəm və bu hüquqi yardım əsasən də faktiki olaraq məhkəmələrdə uğurla nəticələnib. Belə olan tərzdə fərdi vəkil statusumun alınması ən çox da hüquqi yardıma çatımlılığı və effektliyi yox edəcək. İndiyə qədər bir dəfə də olsun hər hansı bir vətəndaş, mənim fəaliyyətimlə bağlı Kollegiyaya şikayət etməyib. Ona görə də vəkilliyin adını yüksək tutduğum qənaətindəyəm və mənə qarşı olan bu qərarı dəstəkləmirəm”.

Əbülfət Baxşəli