14:59, 20 Noyabr 2020 (Cümə) 200

Dağlıq Qarabağa hərbi qüvvə yerləşdirən Rusiya TAP-a əngəl olacaqmı?

Dağlıq Qarabağa hərbi qüvvə yerləşdirən Rusiya TAP-a əngəl olacaqmı?
"Müharibənin əvvəlində prezident TAP-ın işə düşəcəyini, Azərbaycan qazının Avropaya nəql olacağını söyləmişdi. Fikrimcə, prezidentin əmin danışığı layihənin reallaşmasında Türkiyə və Rusiyanın razılaşması ilə əlaqədardır. Görünür, layihənin icrası siyasi təminat alıb”. 

İqtisadçı ekspert Qadir İbrahimli belə deyir. 

Prezident İlham Əliyev oktyabrın sonlarında Yaponiyanın "Nikkei” qəzetinə müsahibəsində Trans-Adriatik Boru Kəməri (TAP) ilə bağlı hər şeyin qrafikə uyğun getdiyini bildirmişdi: "TAP-ın rəsmi açılışı, ola bilsin ki, yaxın aylarda da yox, əlavə bir neçə həftədə baş tutacaq”.

TAP konsorsiumunun Direktorlar Şurasının sədri Murad Heydərov da bir neçə gün əvvəl mediaya açıqlamasında Azərbaycan qazının ilin sonunda bu layihə çərçivəsində Avropaya nəqlinə başlanılacağını, hazırda boru kəməri sisteminin sınaqdan keçirildiyini söyləyib.

TAP vasitəsilə Azərbaycan qazının Yunanıstan, Albaniya ərazisindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyanın cənubuna daşınması planlaşdırlır. Ayrı-ayrı vaxtlarda Azərbaycan rəsmiləri TAP-ın Azərbaycana dividentlər gətirəcəyini bəyan ediblər.

İlkin müzakirələrdə layihəni uğurlu edəcək cəhətlərdən biri kimi Türkmənistanın da ona qoşulması göstərilirdi. Ancaq ötən müddətdə bununla bağlı konkert bir nəticə əldə olunmayıb.

Xəzər dənizinin ona aid hissəsində zəngin qaz ehtiyatları olan Türkmənistanın TAP-a qatılmaması bu layihəni Azərbaycan üçün nə dərəcədə səmərəli edir?
Bəziləri Aşqabadın kənarda durmasını Rusiyanın basqısı ilə izah etsələr də, "Türkmənistan prosesdə iştirak etsə, TAP Azərbaycan üçün indikindən əhəmiyyətli olacaq” deyən Q.İbrahimli bu yanaşmayla razılaşmır, ordakı qeyri-rasional sistemin fəaliyyəti ilə əlaqələndirir və deyir ki, bu ölkənin yaxın gələcəkdə layihədə iştirakı gözlənilən deyil.
Q.İbrahimli bildirir ki, Rusiyanın Dağlıq Qarabağda yerləşməsi layihənin reallaşmasına ciddi əngəl yaratmır.
İqtisadçı Fərid Mehralızadənin fikrincə, TAP Avropaya Rusiyadan qaz idxalındakı asılılığı nisbətən azaltmaq üçün lazımdır və bu, layihənin strateji əhəmiyyətini daha da artırır: 
"TAP boru kəməri istifadəyə veriləndən sonra Avropaya ildə 10 milyard kubmetr Azərbaycan qazının göndəriləcəyi gözlənilir. Avropa Birliyi ölkələrinin illik təbii qaz ehtiyacı 600 milyard kub metrdən çoxdur. Deməli, Azərbaycan Avropanın qaz ehtiyacını cüzi də olsa, ödəmiş olacaq”.
 
F.Mehdizadə layihənin Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb etdiyi qənaətindədir:
"Azərbaycan layihənin əsas investorlarından biridir, son illər qaz yataqları və kəmərləri ilə bağlı layihələrə milyardlarla dollar vəsait xərclənib ki, bu vəsaitin də bir hissəsi beynəlxalq maliyyə təşkilatlarından kredit şəklində əldə edilib. Həm əldə edilən kredit vəsaitlərinin geri qaytarılması baxımından, həm də azalan neft gəlirləri fonunda ölkənin əldə etdiyi gəlirlərin artırılmasının vacibliyi baxımından bu kəmər Azərbaycan üçün hər zaman əhəmiyyətlidir. Hökümət layihənin icrasıyla bağlı qarşıya çıxan bütün probləmlərin həllini prioritet məsələlərdən biri hesab edəcək. Çünki xərclənən vəsaitlərin geri qaytarılması üçün layihənin uzun zaman uğurla fəaliyyət göstərməsi tələb olunur”.

F.Mehrəlizadə bu mərhələdən sonra Rusiyanın layihənin icrasına əngəl törədəcəyini inandırıcı saymır: "Həm artıq qaz nəqli başlamaq üzrədir, bununla bağlı işlər demək olar ki, yekunlaşıb, həm də həmin boru kəməri vasitəsilə Avropaya çatdırılacaq təbii qazın miqdarı Rusiya üçün bir o qədər də narahatedici hədd hesab olunmur”.

İqtisadçı bir məqama da diqqət çəkir, deyir ki, 2019-cu ildə Rusiyanın Avropaya ixrac etdiyi qazın miqdarı 200 milyard kub metrə yaxın olub, bu da Azərbaycan qazının nəzərdə tutulan ixracından 20 dəfə çoxdur. 

Ancaq iqtisadçı rus qoşunlarının Dağlıq Qarabağda yerləşdirilməsinin Rusiyaya enerji layihələrindən təzyiq vasitəsi kimi istifadə etmək imkanı yaratdığını istisna etmir: "Amma bunun birbaşa Azərbaycana yox, daha çox başqa ölkələrə, məsələn, Türkmənistana yönələ biləcəyini düşünürəm”.

Roza Məmmədova