21:30, 14 Fevral 2020 (Cümə) 122

"Dedilər ki, Lökbatanda olmasa, mitinqin qarşısını alacağıq" - Ruslan İzzətli

D18 Hərəkatının sədri Ruslan İzzətli Bakı Şəhər Baş Polis İdarəsinə(BŞBPİ) çağırılıb.

Bu barədə Toplum TV-yə məlumat verən Ruslan İzzətlini deyib ki, çağırılmasına səbəb 16 fevralda keçirilməsi nəzərdə tutulan etiraz mitinqidir.

Onun sözlərinə görə, ona deyilib ki, mitinqi ancaq Lökbatan qəsəbəsində keçirə bilərlər: "Mənə deyildi ki, orada keçirilməsə, əks halda biz qarşısını alacağıq. Biz də bildirdik ki, mitinq konstitusion haqqımızdır”.

R.İzzətli hesab edir ki, Lökbatan qəsəbəsi şəhər mərkəzinə çox uzaqdır: "Ümumiyyətlə, 5-6 min insanı normalda ora aparmaq mümkün deyil”.

Fevralın 11-də müxalif partiyalar və müstəqil namizədlər seçki saxtakarlıqlarına qarşı birgə mitinq keçirmək qərarı veriblər. 

Müsavat, Real partiyaları, D18 Hərəkatı və müstəqil namizədlər seçki saxtakarlıqlarına qarşı Bakı şəhərində birgə mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə(BŞİH) müraciət edib.

Müraciətdə mitinqin 16 fevralda saat 15:00-dan 17:00-dək Bakı şəhərində "28 May” metrostansiyasının qarşısında keçirilməyi nəzərdə tutulub.

Daha əvvəl BŞİH-də müraciətə baxılıb və mitinqin keçirilməsinə icazə verilməsə də, daha sonra (BŞİH) mitinqin Lökbatan qəsəbəsində keçirilməsini məqsədəuyğun sayıb.

9 fevral 2020-ci ildə Azərbaycanda növbədənkənar parlament seçkiləri baş tutub.
 
Elmar Əziz