Sosial

"Dedilər ki, qoy “Eurovision” qurtarsın, sonra dilənərsən" - REPORTAJ

15 May, 2019
1542
Ədalət Amiraslanov daun sindromlu uşaqlardan biridir. 

13 yaşı olmasına baxmayaraq yaşıdları kimi nə məktəbə gedə, nə də uşaqlarla oyun oynaya bilir. 

O, digər daun sindromlu uşaqlardan fərqli olaraq yaxşı yerimir. Uşaqlığını evin nəmişliyini üstünə çəkib çürümüş taxta bir çarpayının üstündə, qonşuların hədiyyə etdiyi oyuncaqlarla keçirir. 

Bütün uşaqlar kimi Ədalət də istiqanlı və mehribandır. Bayıra çıxa, həmyaşıdları ilə ünsiyyətdə ola bilməsə də, insana tez alışır, yaxınlıq göstərir. Həyat bu mənada ona ədalətsiz davranıb. 

Əslində bayıra çıxsa belə, şəhərin bu ucqar yerində - Lökbatanda yaşadıqları ərazıdə insan üzü görmək çox çətindir. Günorta olmasına baxmayaraq, həyətdə gəzişən itlərdən başqa heç bir canlı gözə dəymir. Bir də sanki soyuq baxışlarını adamın üzünə zilləmiş, yarmçıq tikili evlər var.

Anası Toplum.Tv-yə deyir ki, Ədalətin atası 2017-ci ildə xəstəlikdən vəfat edib. Amma uşaq onu bundan çox əvvəl, 3 yaşında olarkən itirib. Belə ki, 2009-cu ildə atası onları tərk edib. 

İndi Ədalət Əmiraslanovla anası bu birotaqlı evdə kirayə qalır. Bu ev Lökbatanın elə bir hissəsində yerləşir ki, paytaxtın mərkəzindən ora çatmaq üçün 3 avtobus dəyişmək lazım gəlir.

Nəm çəkməkdən divarları qaralmış mənzilə görə hər ay 180 manat ödəyirlər. Ədalətin aylıq pensiyası isə cəmi 150 manatdır. Hətta bu ilin əvvəlində pensiya artımına qədər, anasına uşaq üçün 75 manat verirmişlər. Pensiyası ikiqat artsa da, yenə kirayəni ödəmək üçün yetərli deyil. Digər problemləri isə 1 ildir aldıqları 77 manatlıq sosial yardımla həll etməyə çalışırlar. 

Ədalətin anası adının çəkilməsini istəmir. Amma deyir ki, 77 manatla yaşamaq mümkünsüz olduğu üçün dövlət qurumlarına çoxlu müraciət edib. Hər dəfə də ona fərqli cavablar verilib və sonda elektron şəkildə müraciət etməli olduğu söylənilib. 

Ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevaya ünvanladığı müraciətə isə belə cavab alıb: "Amiraslanov Ədalətin muayinə və müalicəsi tibbi göstəriş olarsa, profil üzrə stasionar müalicəyə göndərilməsi Bakı şəhər 4 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkim əvəzi Cəmilə Xanmuradovaya həvalə olunur”.  

Ana bir nəticəyə bağlanmayan bu cavab məktubu ilə nə edəcəyini bilmədiyini deyir: "Artıq müraciət etməkdən yorulmuşam”.

Ədalət atasını 2 ildir ki, itirməyinə baxmayaraq, hələ də buna görə müavinət ala bilmir. Anası deyir ki, dövlət qurumlarına müraciətdən sonra ailə başçısını itirməyə görə pulun veriləcəyi deyilib, amma miqdarını bildirməyiblər. 

Anasının sözlərinə görə, Ədalətin bu taxta çarpayıya məhkum olmağı azmış kimi, ürək əzələlərində qalınlaşma və boğazında zob da var. Anası oğlunun böyrəklərinin nəm çəkib sıradan çıxmasından narahatdır: 

"Neftçilərdə daun sindromlu uşaqlar üçün mərkəz var. Hər fəsil Mehriban Əliyeva mərkəzə baş çəkir. Biz də iki il ora getdik. Ancaq yol çox uzaqdır, həm də bizi heç bir səbəb göstərmədən, problemlərimizi soruşmadan oradan çıxardılar. 2012-ci ildə vəziyyətimiz o qədər pisləşdi ki, dilənməyə məcbur oldum. Onda da polislər tutub apardılar. Bölmədə dedilər ki, qoy "Eurovision” qutarsın, sonra dilənərsən. Bu hansı tarixə düşəsi sözdür? Aparıb məni alkaşlarla eyni yerə salmışdılar. Orada bir gecə səhərə qədər ağlamışam. Mən qayıdanda gördüm uşağım acından ölür”.

Həyatda qalmaq üçün mücadilə apardığını deyən ananın tək istəyi evlərinin olmasıdır: "Onsuz da uşağı məktəbə göndərə bilmirəm. Lap kəndə gedib, orada otdan-ələfdən əkib, dolanaram. Uşağa görə aldığımız pensiyanı da öz boğazımdan kəsərəm verərəm daşa, rayonda bir ev tikməyə başlayaram”.

Uğur Fərzəli

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo