20:20, 12 May 2019 (Bazar) 115

Deputat: "Bələdiyyələrin adı var, özü yox”

Deputat:
Qəbristanlıqlar üzərində idarəetmə bələdiyyələrə veriləcək

Nazirlər Kabinetinin qəbiristanlıqların bələdiyyələrə verilməsi ilə bağlı müvafiq qərarında Şəhidlər və Fəxri Xiyabanlarla bağlı məsələlər də öz əksini tapıb.

Dini Qurumlarla İş üzrə Dövlət komitəsi sədrinin müavini Gündüz İsmayılov jurnalistlərə deyib ki, hazırda bu istiqamətdə işlər aparılır: "Məsələ barədə aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə əlavə məlumat veriləcək. Qəbiristanlıqların bələdiyyələrin balansına verilməsi ilə bağlı konkret müddət Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb. Həmin müddətin növbəti bələdiyyə seçkiləri ilə heç bir əlaqəsi yoxdur”.

Gündüz İsmayılov qeyd edib ki, Azərbaycanda özəl qəbiristanlıqların olması mümkün deyil: "Nazirlər Kabinetinin qəbiritanlıqlarla bağlı təsdiqlədiyi sənədə görə, qəbiristanlıqlar bələdiyyələrin balansında olmalıdır. Qəbiristanlıqlarla bağlı bütün məsələlər həmin sənədlə tənzimlənməlidir. Həmin sənəddə isə qəbiristanlıqların salınması, dəfn işinin təşkili hamısı öz əksini tapıb”.

Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin üzvü, deputat Fazil Mustafa isə Toplum.Tv-yə deyib ki, mayın 4-də keçirilən plenar iclasda müzakirəyə çıxarılan layihəyə görə, bələdiyyə torpaqlarına aid edilən ərazilər siyahısına qəbiristanlıqlar da əlavə olunub.

Fazil Mustafa qeyd edir ki, əvvəllər İcra Hakimiyyətinin tabeliyində olan qəbiristanlıqlar artıq bələdiyyələrin tabeliyində olacaq.Lakin burda istisna olan bəzi qəbiristanlıqlar, Şəhidlər Xiyabanı və Fəxri Xiyabanı daxil edilmir.

Deputatın sözlərinə görə, qəbiristanlıqların idarəsi üçün bələdiyyələrə dövlət tərəfindən vəsait ayrılmayacaq: "Dövlət tərəfindən bələdiyyələrə vəsait ayrılmayacaq.Bütün vəsaiti bələdiyyələrin özləri əldə etməlidir.Bu vəsait isə bələdiyyələr vergilərdən , reklamlardan əldə olunan vəsait hesabına olmalıdır.Bütün maliyyəni özləri tapmalıdır”.

Fazil Mustafa ölkə ərazisində olan bələdiyyələrin vəziyyəti haqqında da danışıb: "Azərbaycanda bələdiyyələrin yüzlərcə səlahiyyəti olmasına baxmayaraq indi demək olar ki, heç bir iş görümür. Çünki onların nə fondları, nə də maliyyə imkanları var. Ümimiyyətlə, ölkədə yerli özünüidarə yox vəziyyətindədir. Bunun səbəbi isə Azərbaycanda bələdiyyənin inkişafına marağın olmamasıdır. Rəsmi səviyyədə icra orqanlarının güclənməsinə daha çox fikir verilir. Bələdiyyələrin sərbəst qurum kimi fəaliyyət göstərməsi sual altındadır. Bir sözlə, bələdiyyələrin yalnız adı var, özü yox”.

Lalə Tağızadə