10:48, 13 Fevral 2019 (Çərşənbə) 491

Deputatlar kitaba qoyulan ƏDV-ni ləğv etməyi təklif edib

Deputatlar kitaba qoyulan ƏDV-ni ləğv etməyi təklif edib
"Mən Azərbaycanı düşmən Ermənistanla müqayisə etmək istəmirəm. Amma qonşu Gürcüstanla müqayisə edərək deyim ki, Gürcüstanda kitab çapına görə ümumiyyətlə Əlavə Dəyər Vergisi (ƏDV) tərbiq edilmir. Türkiyədə ƏDV 8 faiz idi, ləğv etdilər. Ən yüksək rəqəm isə Azərbaycandadır: 18 faiz”.

Deputat Fazil Mustafa Azərbaycanda kitab və mətbəə məhsullarına tətbiq edilən ƏDV-nin ləğv edilməsini təklif edib:

 
"Bu gün Azərbaycanda ən vacib məsələrdən biri kitab və mətbəə məhsulları üzərindən Əlavə Dəyər Vergisinin tamamilə ortadan qaldırılmasıdır. Qonşu Gürcüstanda kitabdan, çap avadanlıqlarından, hətta ölkəyə xaricdən gətirilən kitablardan ƏDV tutulmur. Belarusda bütün kitab mağazaları kirayə haqqından azaddırlar. Çünki bu dövlətlərdə kitabın əlçatanlığı və oxuyan cəmiyyət hədəfi qarşıya qoyulub. Məgər bizdə savadlılığın səviyyəsi o dərəcədə yüksəkdir ki, bunu ehtiyac duymuruq? Bu sahədə fəaliyyət göstərən sahibkarlar həm aldığı kağıza vergi ödəyir, həm də bu kağızdan hazırlanan kitaba vergi ödəyir. Dünyanın hər yerində ümumi istehsal prosesindən bir dəfə vergi alınır, bizdə isə hər mərhələdən vergi alınır. Üstəlik də xaricdən gətirilən kitaba görə də 9 faiz gömrük rüsumu alınır”.

Fazil Mustafa vurğulayıb ki, ölkədə kitab statistikası da ümumiyyətlə yoxdur: "Nə qədər kitab nəşr olunur, tiraj nə qədərdir, nə qədər tərcümə ədəbiyyatı var, nə qədər kitab satılır, nə qədər kitab xaricdən gətirilir, bütün bunlar rəqəmlərdə ifadə olunmur. Halbuki bu statistikaya görə xaricdə konkret ölkənin mütaliə səviyyəsi müəyyənləşdirilir və lazımi tədbirlər görürlər”.

Deputat əlavə edib ki, kitab üzərindən ƏDV mütləq götürülməsi satış qiymətinə ən azı 20 faiz öz təsirini göstərəcək: "Bu, kitab çapını, tərcüməni, xaricdən kitab gətirilməsini stimullaşdıracaq və kitab bazarını canlandıracaq. Əgər cəmiyyətin intellektual inkişafını istəyiriksə, əgər normal orta təbəqənin formalaşmasını istəyiriksə, bu addımı atmalıyıq”.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov da həmkarının təklifini dəstəkləyib. O bildirib ki, Azərbaycanda kitabların qiymətinin baha olması ƏDV tətbiq olunması ilə bağlıdır:
 

"Hazırda ölkəyə il ərzində 200 min kitab gətirilir. Sovet dövrü ilə müqayisədə bu rəqəm dəfələrlə azdır. Qiymətə gəldikdə isə, təsəvvür edin ki, kitab Azərbaycana gətirilərkən 7 faiz gömrük, 18 faiz əlavə dəyər vergisi tutulur. Üstəlik satış zamanı gəlir əldə etmək üçün təqribən 20-25 faiz də əlavə olunur. Bundan başqa, satış müvafiq dövlət qurumuna hesabat verərkən onlar yenidən 18 faiz də ödəməli olurlar. Gəlin hesablayaq, 7+18+20+18=63. Lap olsun 60. Bundan sonra təsəvvür edin ki, oxucu kitab əldə etmək üçün nə qədər pul xərcləməlidir.

Bəzi ölkələrdə çap məhsulları bütün növ vergilərdən azaddır. Mən həmkarım Fazil Mustafanın burada səsləndirdiyi fikirləri dəstəkləyirəm. Təklif edirəm ki, ümumiyyətlə, bütün çap məhsulları – qəzet, jurnal, kitab istehsalı və ölkəyə gətirilməsi üzərindən ƏDV götürülsün. Nəzərə alaq ki, gələcək elmə, biliyə söykənir. İstərdim ki, gələcəyimiz naminə bunu utunmayaq".

Meydan Tv