10:53, 21 Fevral 2019 (Cümə axşamı) 319

Devalvasiyadan 4 il ötür

Devalvasiyadan 4 il ötür
Azərbaycan manatının devalvasiyaya uğramasından 4 il keçir.

2015-ci il fevralın 21-də Mərkəzi Bank dolların rəsmi kursunu 0,7862 manatdan 1,05 manata qaldırıb. Həmin ilin dekabrı 1,0513 manatla start götürüb. Dekabrın 21-də Mərkəzi Bank ikinci devalvasiyaya qərar verib, rəsmi kurs 1,55 manat olub. İlə 1,5594 manatla nöqtə qoyulub.

2016-cı ildə dolların rəsmi qiyməti 1,7707 manata çatıb.

2017-ci ilin fevralında devalvasiyalardan sonrakı ən yuxarı rəsmi kurs qeydə alınıb: 1,92 manat. Dekabrın 13-dən 2018-ci il martın 7-dək isə 1,7001 manat rəsmi məzənnə qüvvədə olub. 2018-ci il martın 7-dən dollar 1,7 manata təklif edilir.

Manatın devalvasiyaya uğradığı dövrdən bəri vaxtı keçmiş kreditlər 608,7 milyon manat artıb. 2015-ci ilin əvvəlində Mərkəzi Bank problemli kreditləri 976,3 milyon manat həcmində göstərib. 2019-cu il yanvarın 1-nə ödəniş vaxtı keçmiş kreditlər 1 milyard 585 milyon manat həddində rəsmiləşib.

Mərkəzi Bankın açıqlamasına görə, bu il fevralın 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 655,9 milyon dollar olub. 2015-ci ilin əvvəlində 13 milyard 758,3 milyon dollar valyuta ehtiyatı qeydə alınmışdı.

Fevralın 21-də avro banklara 1,9295, Gürcüstan larisi 0,6422, Rusiya rublu 0,0259, Türkiyə lirəsi 0,3194 manata satılır (Məzənnələr).

Avro 2019-cu ilə 1,9323, lari 0,6346, rubl 0,0245, lirə 0,3141 manatla start verib.

Dövlət Neft Fondu manatın kursunu qorumaq üçün Mərkəzi Bankın bu ilin yanvar ayında keçirdiyi valyuta hərraclarında 634,9 milyon dollar məbləğində valyuta sərf edib.

2016-cı ildə Dövlət Neft Fondunun analoji xərci 4,9 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2018-ci ildə 6,5 milyard dollar olub.

Mənbə:Novator.az