15:33, 24 İyun 2019 (Bazar ertəsi) 85

"Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı şikayət Avropa Məhkəməsinə göndərilib"

Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov jurnalistlərə bir sıra məsələlər üzrə açıqlama verib.

Bu barədə "Report.az" xəbər verib.

"Erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı şikayət Avropa Məhkəməsinə göndərilib və Azərbaycan hökuməti də bu prosesdə iştirak edir."

O qeyd edib ki, artıq bütün kommunikasiya mərhələsi yekunlaşıb: "Bu il ərzində Avropa Məhkəməsinin öz mövqeyini bildirməsini gözləyirik. Bununla yanaşı, Avropa Şurasında Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti ilə bağlı tədbirlər keçirilib və bu həftə AŞPA-da nümayəndə heyətimiz tərəfindən Azərbaycanın bu məsələdəki mövqeyi deputatların nəzərinə çatdırılacaq".

Çingiz Əsgərov bundan başqa bildirib ki Avropa Məhkəməsində Azərbaycanla bağlı hər hansı ciddi məsələ yoxdur.

Onun sözlərinə görə, Avropa Məhkəməsində bütün dövlətlərlə münasibətdə şikayətlər olduğu kimi Azərbaycanla bağlı daşikayətlər var: "Bu əsasən şəxsi həyata hörmət, azadlıq və s. kimi hüquqlarla əlaqəlidir".

Ç.Əsgərov xatırladıb ki, Avropa Məhkəməsi "Çıraqov və başqaları Ermənistana qarşı" iş üzrə artıq qərar qəbul edib və Avropa Şurasının Nazirlər Komitəsinin iclasında bir dəfə bu məsələyə baxılıb: "Növbəti dəfə məsələyə bu ilin dekabr ayında baxılacaq. Gözləyirik ki, Ermənistan hökuməti qərarın icrası ilə bağlı görülən tədbirlər barədə məlumat təqdim etsin və biz onu müzakirə edək. Hələlik hər hansı məlumat yoxdur. Məlum olan odur ki, Ermənistan qərarın icrasından imtina edir".