18:32, 13 Yanvar 2020 (Bazar ertəsi) 113

DİN rəhbəri jurnalist Anar Məmmədovu qəbul edib

DİN rəhbəri jurnalist Anar Məmmədovu qəbul edib
Daxili işlər naziri Vilayət Eyvazov yanvarın 13-də "Criminal.az” saytının baş redaktoru Anar Məmmədovu qəbul edib.

Meydan TV-nin verdiyi məlumata görə, baş redaktor deyib ki, qəbul onun nazirə açıq məktubundan sonra baş tutub.

Yanvarın 11-də sosial şəbəkələrdə Anar Məmmədovun vəhşicəsinə döyülməsi barədə xəbərlər yayılıb. Baş redaktor bunu təkzib edərək bildirib ki, belə xəbərlərin yayılması ona olan təhdiddir.

Elə həmin gün Anar Məmmədov "Facebook” sosial şəbəkəsi vasitəsilə nazir Vilayət Eyvazova müraciət edib.

Müraciətində Anar Məmmədov yazıb:

"Cənab nazir,

Criminal.az saytının təsisçisi və baş redaktoruyam. Yanvarın 11-də sosial şəbəkələrdə barəmdə həqiqətə uyğun olmayan məlumatlar yayılıb(linkləri və skrinşotları da paylaşıram). Həmin məlumatlarda vəhşicəsinə döyülməyim iddia olunub. Bu cür məlumatların yayılması mənə qarşı gəlcəkdə törədiləcək təxribatların tərkib hissəsi ola bilər. Xahiş edirəm, belə məlumatları yayanların müəyyən olunaraq barələrində müvafiq tədbirlər görülməsinə göstəriş verəsiniz”.

Vilayət Eyvazov Anar Məmmədova təhdid olunması barədə dediklərini araşdırılacağını söyləyib. Anar Məmmədov deyib ki, nazirə barəsində sosial şəbəkədə yayılmış yalan məlumatlar, eyni zamanda, bu qəbildən olan olan məlumatları yaymaqda şübhəli hesab etdiyi şəxslərlə bağlı məlumat verib.

"Bildirdim ki, son zamanlar mütəmadi olaraq əsassız iddialarla məhkəmələrə cavabdeh qismində cəlb olunuram. Barəmdə bu qəbildən olan məlumatların əsassız iddia müəllifləri tərəfindən yayıla biləcəyini də istisna etmirəm. Bütün hallarda baş verənlərin peşə fəaliyyətimlə bağlı olduğunu Vilayət Eyvazovun diqqətinə çatdırdım. Məni dinlədi və dedi ki, ona ünvanladığım açıq məktubda ifadə edilən məqamları nəzərə alıb, dərhal şəxsi nəzarətə götürüb. Həm də müraciətimlə bağlı zəruri araşdırma aparılacağını söylədi. Nazir əlavə etdi ki, bunun üçün kifayət qədər texniki imkanlara malikdirlər. Daxili İşlər Nazirliyi MDB məkanında ən yüksək səviyyətə texniki təchizata malikdir. Bütün vətəndaşlar, o cümlədən jurnalistlərin təhlükəsizliyi bizim üçün önəmlidir. Heç kəsə imkan vermərik ki, kimisə təhdid etsin”.

A.Məmmədov əlavə etdi ki, görüşdən sonra ona bir neçə telefon nömrəsi də verilib, hər hansı təhlükə və təhdid olarsa, təcili olaraq həmin nömrələrlə əlaqə saxlaması tapşırılıb.

A.Məmmədov 2019-cu ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 5 il 6 ay şərti cəzaya məhkum edilib. İddia olunur ki, onun Gəncə hadisələri (sabiq icra başçısı Elmar Vəliyevin davranışı və s.) haqda yazıları bir neçə vətəndaşda narahatlıq yaradıb və onlar jurnalistin cəzalandırılması üçün prokurorluğa şikayət ediblər. A.Məmmədov özünü təqsirli bilməyib və jurnalist fəaliyyətinə görə cəzalandırıldığını vurğulayıb.

Bir sıra beynəlxalq jurnalist təşkilatları, habelə ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Arlem Dezir A.Məmmədov barəsindəki hökmü pisləyib.

A.Məmmədov saytda yayımlanan yazılara görə dəfələrlə hüquq-mühafizə orqanlarına çağrıldığını, təhdid olunduğunu açıqlayıb. O, sonuncu dəfə 2019-cu il dekabrın 30-da Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə çağrıldığını bildirib.