16:12, 20 Sentyabr 2019 (Cümə) 62

“Diqlas”da çalışmış sahibkar: "Prezident Administrasiyasına yalan məlumat verilib ki, pullarımızı almışıq"

“Diqlas”da çalışmış sahibkar:
Yanğınla məhv olan "Diqlas” Ticarət Mərkəzində çalışmış sahibkarlardan bir qrupu Prezident Adminstrasiyasında olub. 

Bu haqda Meydan TV-yə sahibkarlardan biri məlumat verib. 

Təhlükəsizliyi baxımından adını açıqlanmasını istəməyən sahibkar deyib ki, qəbulda çox qəribə bir məlumat alıblar:

"Bizi ədəb-ərkanla qəbul elədilər. Niyə gəldiyimizi xəbər aldılar. Dedik ki, Rasim Məmmədov bizə kompensasiya verməkdən yayınır. Üzümüzə mat-mat baxıb dedilər ki, Adminstrasiyaya məlumat verilib ki, sizin kompensasiya ödənilib. Bunun yalan olduğunu dedik. Bundan sonra harasa zəng elədilər, dedilər ki, gedin bu haqda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə. Orada deyin ki, kompensasiyanı almamısız. Adminstarsiyadan söz verdilər ki, tədbir görəcəklər”.

Sahibkar deyib ki, Adminstrasiyadan Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə, iş üzrə yaradılan istintaq qrupunun rəhbəri Sənan adlı müstəntiqin qəbuluna gediblər: "Təxminən 50 sahibkar müstəntiqin yanında olduq, bizə kompensasiya ödənilmədiyini dedik. Bizi dinlədi. Bildirdi ki, iş gedir, obyektin sahibi başqa bir yerdə olan 5 milyonluq obyektini satıb. Həmin pul onun hesabına köçəndən sonra bizə ödəniləcək. Müstəntiq Prezident Adminstrasiyasına bizə kompensasiya ödənilməsi haqda yalan məlumatın kimin verdiyindən xəbərsiz olduğunu dedi”.

Sahibkar qeyd edib ki, "Diqlas”da əmlakları yanaraq məhv olandan sonra fəaliyyətləri iflic olub, çətin durumdadırlar: "3-5 nəfərimiz orda-burda işləyir. Hamımız borcun içindəyik, kompensasiyanı da verməkdən yayınırlar. Bizə dəyən zərəri ödəsəydilər, "oborot”a qoyub borcları da verərdik, özümüz də dolanışığımızı təmin edərdik. Bu günə qədər bizə sadəcə prezidentin ayırdığı 10 min manatı ödəyiblər. 7 dövlət qurumu da prezidentin göstərişi əsasında bizə dəyən ziyanları hesablayıb, müvafiq arayışlar verilib. Həmin arayışlarda kimə nə qədər ziyan dəydiyi də konkret olaraq yazılıb. Amma bizə həmin zərəri ödəməkdən bu günə qədər yayınırlar, üstəlik Prezident Adminstrasiyasına da yalan məlumat verib kompensasiya ödəndiyini deyiblər”.

Təhlükəsizliyi baxımından adının açıqlanmasını istəməyən başqa bir sahibkarın sözlərinə görə "Diqlas”ın digər sahibi Eldar Mahmudov onun öhdəliyində olan icərəçi sahibkarların pullarını hissə-hissə ödəməkdədir.

Sahibkarların sözlərinə görə, "Diqlas”ın 2 sahibi var. Bunlardan birinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov, digəri isə Baş prokurorun müavini, hərbi prokuror Xanlar Vəliyevin olduğu bildirilir. Sahibkarlar deyir ki, Xanlar Vəliyevi "Diqlas”da qardaşı Şahlar Vəliyev təmsil edir. 5 mərtəbəli "Diqlas” yanan günə qədər tənyarısı Eldar Mahmudova, digər hissəsi isə Xanlar Vəliyevə məxsus olub. Eldar Mahmudov tərəfindən idarəçi Araz Rəhimov, Xanlar Vəliyev tərəfindən isə Rasim Məmmədov təyin olunmuşdular. Bu gün Eldar Mahmudov yanğında zərərçəkən sahibkarlara dəyən ziyanı hissə-hissə ödəməkdədir. Xanlar Vəliyevin adamı Rasim Məmmədov isə sahibkarları "Bandotdel”lə qorxudur.

"Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla bağlı Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Vergilər nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Bu barədə Baş Prokurorluğun martın 28-də yaydığı məlumatda bildirilib. Məlumata görə, cinayət işinin icraatı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılıb. Cinayət işi Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddələri üzrə istintaq davam edir.