18:15, 04 Noyabr 2019 (Bazar ertəsi) 126

DSX: Sərhəd pozucusu öldürülüb

DSX: Sərhəd pozucusu öldürülüb
Azərbaycanın dövlət sərhədini pozan şəxs əmrə tabe olmadığı üçün öldürülüb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, noyabrın 3-də,  saat 04:50-də Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 1 nəfər naməlum şəxs dövlət sərhədini pozub.

Sərhəd naryadı tərəfindən "Dayan” əmri verilərək sərhəd pozucusu təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucusu əmrə tabe olmayıb, üzərindəki çantanı ataraq İran İslam Respublikası (İİR) istiqamətində qaçmağa cəhd göstərib: ""Dövlət sərhədi haqqında” Qanunun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən sərhəd pozucusuna qarşı silah tətbiq olunub və sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerində ölüb. Zərərsizləşdirilən sərhəd pozucusuna və əraziyə baxış zamanı 1 ədəd qara çantada ümumi çəkisi təxminən 12 kq 340 qram olan müxtəlif növ narkotik vasitələr, 1 ədəd "Pietro Beretta” markalı tapança, 1 ədəd daraq, 8 ədəd patron aşkar olunub”.

Məlumatda o da bildirilir ki, hadisə yerinin yaxınlığında sərhəd pozucusunu qarşılayan göy rəngli "Niva” markalı 99-FC-999 dövlət nömrə nişanlı avtomobildə Biləsuvar rayon sakini, 1991-ci il təvəllüdlü Elgün Həsənxan oğlu Həsənov və Mingəçevir şəhər sakini 1995-ci il təvəllüdlü Orxan Məhəmməd oğlu Nəsirzadə şübhəli şəxs qismində saxlanılıb. 

Araşdırma nəticəsində zərərsizləşdirilən sərhəd pozucusunun Cəlilabad rayonunun sakini, 1994-cü il təvəllüdlü Tural Əliəşrəf oğlu Əmirov olması və oktyabr ayının 31-də "Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsindən keçməklə İran İslam Respublikasına getməsi müəyyən edilib.

Elmar Əziz