17:30, 07 Mart 2019 (Cümə axşamı) 630

"Dövlət səhiyyə sisteminin həkimlərinin durumu çox acınacaqlı görünür''

"Minimum əmək haqqının 130 manatdan 180 manata qaldırılması ilə bağlı Vahid Tarif Cədvəlinə (VTC) dəyişiklikdən sonra da dövlət səhiyyə sistemində vəziyyət yenə çox acınacaqlı durumdur”

Bunu "Facebook” sosial şəbəkəsindəki profilində iqtisadçı Rövşən Ağayev yazıb.

O bildiribr ki, mövcud qanunvericiliyə (səhiyyə sahəsində vahid tarif-ixtisas sorğu kitabçası) görə, dövlət səhiyyə müəssisələrində həkim heyəti əmək stajından, elmi titullardan asılı olaraq 9-15-ci dərəcələr, orta tibb heyəti əmək satajından asılı olaraq 5-9-cu dərəcələr, aşağı tibb heyəti isə 3-4-cü dərəcələr əsasında maaş alırlar.

"Yeni artımlardan sonra isə dövlət səhiyyə müəssisələrində yeni işə başlamış həkimin maaşı (9-cu dərəcə ilə) 182 manatdan 246 manata, ən stajlı (11 ildən çox staja malik və 15-c idərəcə ilə) həkimlərin maaşı isə 251 manatdan 324 manata yüksəlib. Amma gəlir vergisi və sosial sığorta ayırmalarında baş verən dəyişikliklərdən sonra işçinin əlinə aldığı əmək haqqının vergi və sosial sığorta ödənişlər tutulmalardan öncə işçiyə hesablanan əmək haqqı məvacibə nisbəti aşağı düşüb”.

O qeyd edib ki, 2019-cu ilin yanvarın 1-dək qüvvədə olan qanunvericiliyə görə, maaşların yaşayış minimumunun 1 mislinədək olan hissəsi, yəni 2018-ci ildə 173 manat gəlir vergisindən azad idi. İşsizlik və pensiya sığortası isə birlikdə 3.5 faiz idi.

R.Ağayev deyib ki, bu ildən gəlir vergisinə cəlb edilməyən hissə 200 manata, işsizlik və pensiya sığortası isə birlikdə 10.5 faizə yüksəldi:

"Məsələn, 2018-ci ildə 9-cu dərəcə ilə dövlət xəstəxanasında çalışan həkim 182 manata görə cəmi 7.6 manat gəlir vergisi+sosial sığorta ödəyirdi – işçinin əlinə aldığı əmək haqqı, ümumi təyin edilən əmək haqqının 96 faiz idi. İndi isə 246 manat alan həmin 9-cu dərəcəli həkim 32 manat gəlir vergisi+sosial sığorta haqqı ödəyir – və nisbət 87 faizə enib”.

Onun sözlərinə görə, göründüyü kimi, ən aşağı dərəcə ilə məvacib alan dövlət xəstəxanasının həkiminin 64 manatlıq ümumi əmək haqqı artımından özünə çatan real artım 40 manatdan da azdır - 24 manatlıq isə vergi+sosial sığorta formasında yenidən büdcəyə qayıdır:

"Dövlət səhiyyə müəssisələrində maaşların çox aşağı olması ilə yanaşı tibb heyəti arasında maaş fərqləri çox azdır. Məsələn, aşağı tibb heyəti 200-210 manat, orta tibb heyəti 220-240 manat, həkim heyəti isə 245-325 manat aralığında dəyişir. Gerçəkdən də dövlət qulluğunda "zərf”də 1500-2000 manat maaşlar, özəl xəstəxanalarda 5000-10000 manat qazanc müqabilində dövlət səhiyyə sisteminin həkimlərinin durumu çox acınacaqlı görünür”.

Prezident İlham Əliyevin fevralın 8-də imzaladığı sərəncama əsasən, martın 1-dən minimum əmək haqqı 130 manatdan 180 manata qalxıb.