18:05, 18 Sentyabr 2019 (Çərşənbə) 645

Dövlət şirkətlərinin mənfəət və zərərləri - Video və İnfoqrafika

2018-ci ili dövlətə bağlı olan bəzi şirkətlər zərərlə başa vurub. Bu şirkətlər içərisində öz xidmətlərini əhaliyə ödənişli təqdim edən qurumlar da var. 

Bəs həmin qurumların borcu 2017-ci ilə nisbətən artıb yoxsa azalıb? 

Ümumilikdə bu qurumların nə qədər borcu var?

Toplum.Tv zərər edən bəzi qurumların maliyyə hesabatlarından çıxarış edib. Həmin rəqəmləri təqdim edirik:
 
Zərər edən qurumlar arasında bəziləri var ki, bu şirkətlər 2017 və 2018-ci illərdə gəlir gətirməməklə yanaşı zəzərini artırmağa davam edib. Həmin şirkətlərlə videoda tanış ola bilərsiniz.
 
"Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC (MNTM) 2018-ci ili 2 milyon 110 min manat zərərlə başa vurduğunu açıqlayıb. Qurumun 2017-ci il kəsri 1 milyon 542 min 960 manat olub. Şirkətin maliyyə hesabatına görə, bu, 2017-ci ilə nisbətən 26,4 faiz çoxdur. Ümumi zərər 6 milyon 885 min manata çatıb. 

"Bakı Metropoliteni" QSC 2018-ci ili 54 milyon 871 manat zərərlə başa vurub. 2017-ci ildə isə Bakı Metropoliteni 12 milyon 581 min manat xalis zərərlə başa vurub.  Bununla belə, qurumun yığılmış zərəri 14,8 faiz artaraq 426,610 milyon manata çatıb. 

"Azərxalça” ASC isə şirkət 2018-ci ili 4 milyon 155 min manat zərərlə başa vurub. Bu, 2017-ci illə müqayisədə 7,3 dəfə çoxdur. Bu zərər artımı 2018-ci ilin record göstəricisidir. 2017-ci ildə şirkət 569 min 178 manat zərər edib. "Azərxalça"nın yığılmış zərəri 4 milyon 835 min manata çatıb. 

Dövlətin əsas gəlir gətirən şirkəti sayılan "SOCAR” 2018-ci ili 1 milyard 224 milyon manat mənfəətlə başa vurub. Lakin şirkət 2017-ci ilə nisbətən mənfəəti 868 milyon manat azalıb. Azalmaya əsəs səbəb kimi məzənnə dəyişikliyindən yaranan itki göstərilib. Belə ki, şirkət 2018-ci ildə məzənnə dəyişikliyindən 698 milyon manat itirib.

"SOCAR"la bağlı maraqlı məqam dövlətdən aldığı vəsait ilə büdcəyə ödədiyi vergi arasındakı fərq olub.
 


Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə hava nəqliyyatında sərnişin daşınması üçün Azərbaycan hava nəqliyyatı 208 milyon 233 min manat zərərə düşüb. 
Azərbaycanda hava nəqliyyatı, AZAL və onun nəzarətində olan Buta-ya məxsus olduğuna görə, bu zərər AZAL-ın zərəri sayılır. Bir ildə aviaşirkətlərin zərəri 2017-ci ilə nisbətən 20,8% artıb. AZAL-ın 2017-ci il üçün zərəri isə 164 milyon 920 min 536 manat olub. AZAL sonuncu dəfə 1998-ci ildə mənfəətə çıxıb və son 20 ildir ki, zərərlə çalışır. 
 


Dəmir yolu nəqliyyatını idarə edən "Azərbaycan Dəmir yolları” ASC isə 2018-ci il üçün maliyyə hesabatını açıqlamayıb. ADY 2017-ci ili 555 milyon 543 manat xalis zərərlə başa vurub. 2017-ci ildə qurumun ümumi borcu 1 milyard 103 milyon 384 manata çatıb. 

Bəzi şirkətlər isə 2017-ci ilə nisbətən 2018-ci ildə zərərini azaltsa da, yenə də borcunu artırmaqda davam edib. Bu şirkətlərin əksəriyyəti xidmətlərini əhaliyə ödənişli təqdim etsə də, illərdir qazanc əldə edə bilmir. Hətta bu sıraya daxil olan şirkətlərdən "Azərenerji” ASC-nin borcu yarım milyardı, "Azərbaycan dəmir yolları” QSC-nin borcu isə hələ 2017-ci ildə 1 milyardı ötüb. Bu şirkətlərlə aşağıdakı yazıdan tanış ola bilərsiniz.
 


"Azərsu” 2018-ci ili 480 milyon zərərlə başa vurduğunu bəyan edib. Bu, əvvəlki illə müqayisədə 5,5% azdır. Şirkət keçən illə müqayisədə zərərini azaltsa da, zərər etməyə davam edib. 2017-ci ildə isə şirkətin borcu 508 milyon 350 min manat olub. Yığılmış 5 milyard 904 milyon 502 min manatlıq zərərin üstünə 2018-ci ildə topladığı zərəri də gəldikdə şirkətin borcu 6 milyardı ötüb. Hazırda "Azərsu”nun borcu 6 milyard 384 milyon 703 mindir. 

Elektrik enerjisinin istehsalı üzrə dövlət inhisarçısı olan"Azərenerji” ASC 2018-ci ildə xalis zərəri 307,335 milyon manat təşkil edib. Bu 2017-ci ilin göstəricisindən 49,1% azdır. ASC 2017-ci ili 602 milyon 873 min manat zərər ilə bağlamışdı. Beləliklə, "Azərsu” ASC-nin yığılmlış zərəri 2 milyard 332 milyon 605 min olub.

2010-cu ildən fəaliyyətə başlayan və bu bir neçə ildə mənfəətə keçə bilməyən "Azərkosmos” ASC 2018-ci ili 6.5 milyon manat ziyanla başa vurub. Şirkətin 2017-ci ili zərəri 16 milyon 97 min manat olub. "Azərkosmos”un cəmi yığılmış zərəri artıq 313 milyon manatı keçib. 

"Azərişıq” ASC-nin isə 2018-ci ildə zərəri 84 milyon 580 min manat olub. "Azərişıq”ın ümumi borcu 330 milyon 263 min manat olub. 2017-ci ildə 246 milyon 249 min manat borcu olan qurum zərərini 34,1 faiz artırıb. 

"Azneftkimyamaş" ASC 2018-ci ili 127 min manat xalis zərərlə başa vurub. Zərərini azaldan qurumun ümumi ziyanı 5 milyon 253 min 77 manat olub.

Digər qurum "Azərnəşr” ötən ili 449 min manat xalis zərərlə başa vurub. Bununla da, qurumun yığılmış zərəri 6,099 milyon manata çatıb.

2018-ci il üçün maliyyə hesabatını açıqlamayan başqa şirkətlər də var. Həmin şirkətlərin, sadəcə, 2017-ci il üçün olan maliyyə hesabatını əldə edə bildik. 

"Təmiz Şəhər” dövlət şirkəti 2017-ci ili 33 milyon 997 min manat zərərlə başa vurub. Bununla da, onun yığılmış zərəri 161 milyon 394 min manata çatıb.  

"Aqrolizinq” ASC isə 2017-ci ili 21 milyon 722 min manat zərərlə başa vurub. Həmin il ümumi zərəri isə 43 milyon 979 min 739 manat olub. ASC 2015-ci illə müqayisədə 2016-cı il zərərini 17,3 dəfə artırmaqla, zərər sahəsində rekordu öz əlində saxlayır.

2017-ci ildə "Yüksək Texnologiyalar Parkı”  MMC-nin xalis zərəri 529 min 793 manat təşkil edib. Ümumi zərər 4 milyon 82 min 412 manat məbləğində olub.

Bütün bunlarla yanaşı, mənfəətdən zərərə və zərərdən mənfəətə keçən dövlət şirkətləri də var.

"Neftmaştəmir” ASC 2017-ci ildə 48 min manat mənfəət əldə etmişdi. Halbuki ASC 2018-ci ili 90 min manat zərər ilə başa vurub. 
 


"Sumqayıt Kimya Sənaye Parkı" 2018-ci il üçün yaydığı qısa hesabatdan aydın olur ki, qurum 121 min 541 manat mənfəət əldə edib. 2017-ci ildə şirkət 17 milyon 881 manat zərər etmişdi. Parkın 2018-ci il üçün yığılmış zərəri 66 milyon 671 min manata enib.
 


Digər qurum "Azəristiliktəchizat" isə əksinə 2017-ci ili 18 milyon 825 min manat xalis zərərlə başa vurmuşdu. 2018-ci ili 67 milyon 959 min manat mənfəətlə başa vurub. Bununla da, qurumun ödənilməmiş zərəri 68 milyon 149 min manata enib.
 


Uğur Fərzəli