17:13, 12 Mart 2019 (Çərşənbə axşamı) 505

"Dövlətin bu qədər sərvətləri olduğu halda xalq belə yaşamamalıdır”

74 yaşlı Telman Əliyev Bərdədə dünyaya gəlib. 
 

Uşaqlıqdan  rəssamlığa çox marağı olub. Həvəskar rəssamlığa da əsgərliyə getdiyi Rusiyada başlayıb. Amma indi çox sevdiyi sənəti ona istədiyi kimi qazanc gətirmir…
 

"Pensiya heç nəyə çatmır”

Boyaların qiymətinin qalxmasından şikayətlənən Telman Əliyev deyir ki, 160 manat pensiya alır. Ancaq bu, onun gündəlik ehtiyaclarını ödəmir: "Hər şeyin qiyməti gündən-günə artır. Boyaların da qiyməti qalxıb, şəkil çəkdirən də çox deyil. Bizim dövlətin bu qədər sərvətləri olduğu halda xalq belə pis durumda yaşamamalıdır”.
 

Rəssam deyir ki, adətən, onu tanıyanlar, dost-tanış gəlib rəsim çəkdirir: "Başqa kiminsə gəlməsi nadir hallarda olur. Oturub gözləyirəm ki, kimsə gəlib rəsm istəyəcək, hazırlayıb 3-5 manat qazanacam. İmkanım olsa, bu dəqiqə təbiət qoynuna çıxaram, çəkərəm. Balaca otaqda oturub kimisə gözləmərəm”.
 

Telman Əliyev karikaturalar da çəkir. Hazırladığı karikaturalara görə hərdən problemlər də yaşayır: "Sosial şəbəkələrdə çəkdiyim karikaturaları paylaşırdım, şikayət edib səhifəmi bağlatdırdılar. Başıma gətirdiklərinə görə Mehriban xanıma məktublar yazdım, gördüm cavab gəlmir. Mən də bir dəfə karikatura hazırlayıb göndərdim, ona da cavab gəlmədi. İşlədiyim yerdən çıxarmağa çalışdılar, köhnə icra başcısı tanış idi, dedi "dəyməyin”, ondan sonra sakitləşdilər”.

Telman Əliyev bələdiyyədən də şikayətçidir. 

Deyir ki, pay torpağı saxta sənədlərlə zəbt olunub. Sonra da başqasına satıblar, indi həmin ərazidə tikinti aparılır: "Bildiyimə görə qanunla pay torpağında tikintiyə icazə yoxdu, amma bunlar tikirlər”.
 

"Məhkəmə də bələdiyyənin tərəfini tutdu”

"Apelyasiya Məhkəməsi mən olmadan qərar verib. Getdim, dedilər "çağıracağıq”, sonra məktub göndərdilər ki, bəs məhkəmə qərarıdır. Həyat yoldaşımın imzasını saxtalaşdırıblar. Ali Məhkəmə də qərarı qüvvədə saxladı. Heç kim səsimi eşitmədi. Mənə dəyən ziyanın ödənilməsini istəyirəm, başqa heç nə”, – Telman Əliyev gileylənir.

Rəssam düşünür ki, problemlərini ictimailəşdirsə, onun da səsini eşidən tapılacaq. 

Əbülfət Baxşəli
Toplum.tv