17:03, 21 Oktyabr 2019 (Bazar ertəsi) 132

“Dözmə, Yürüş Et!” aksiyasının təşkilatçılarından biri polisə çağırılıb

“Dözmə, Yürüş Et!” aksiyasının təşkilatçılarından biri polisə çağırılıb
"Nə basqı olursa, olsun qorxmuruq. Məni hətta tuta bilərlər, ancaq haqq bildiyim yoldan dönməyəcəm”.

Bunu məişət zorakılığına qarşı "Dözmə, Yürüş Et!” aksiyasının təşkilatçılarından Rəbiyyə Məmmədova öz feysbuk hesabında yazıb. 

O, polis təzyiqinə məruz qaldığını deyir: "Səhər saat 8-də 43-cü polis bölməsinin sahə müvəkkili Zaur Məmmədov evimə gedib, qanunsuz olaraq qapının açıq olmasından istifadə edərək həyətimə girib. Yürüşdən bir gün öncə də gəlib məni qorxutmağa çalışmışdılar. Evdə 2 gəlin var, biri hamilədir. İkisini də qorxudublar, hamilə olan gəlinin vəziyyəti pisləşib”.

Rəbiyyə Məmmədova Toplum TV-yə  bidirib ki, 19 oktyabr səhər saatlarında da evlərinə polis əməkdaşı gələrək şəxsiyyət vəsiqəsində olan şəxsi məlumatlarını götürüb: "Bildirdi ki, sabah səhər saat 2-də polisə gələrsən”. 

Rəbiyyə Məmmədovanın sözlərinə görə, aksiya zaman sahə müvəkkili Zaur Məmmədov ona zəng edib: "Mən də bu zaman gələn zəngi media işçilərinə göstərdim ki, dünəndən məni 43-cü bölməyə, rəisin qəbuluna çağırır”.

Oktyabrın 20-də Azərbaycandakı ictimai fəallar "Dözmə, Yürüş Et!” dinc yürüşü keçiriblər. Yürüş Bakının mərkəzində, Nizami küçəsində yerləşən Natavan heykəlinin önündə başlanıb. 

Polisin müdaxiləsi ilə yürüş aksiyaya çevrilib. 

İştirakçılardan bəziləri polis tərəfindən saxlanılıb və ya polis avtobuslarına doldurularaq ərazidən uzaqlaşdırılıb. 

Sonra onlardan çoxu sərbəst buraxılıb. Polis onlarla etirazçıya şiddət göstərib, saçını yolub, qolunu burub, bəzilərini isə yerə yıxıb. Aksiya iştirakçılarının plakatları əllərindən alınıb. 

İştirakçılar "Şiddətə susma, şiddətə dözmə!”, "Süpürgəçi qadınlar ölməsin", "Erkən nikahlara son" , "Qadın qətlləri siyasidir" , "İstanbul konvensiyasını tələb edirik" şüarlarını səsləndirib, yürüşün rəsmi bəyanatını oxuyublar.

Onlar bildiriblər ki, Azərbaycanda bu ilin yanvar-sentyabr ayları ərzində 118 qadın ailədaxili şiddətə məruz qalıb. Onlardan 33-ü həmin şiddət nəticəsində dünyasını dəyişib. Digər 85 qadın isə ailə üzvü və yaxınları tərəfindən ya döyülüb və ya müxtəlif xəsarət alıblar.

Şəmsiyyə İbişova