20:01, 21 May 2019 (Çərşənbə axşamı) 212

Əbülfəs Qarayeva məktub: "Bizdən 2000 manat pul istədilər"

Əbülfəs Qarayeva məktub:
Əsa Teatrının rəhbəri Nihad Qulamzadə teatrın qarşılaşdığı problemlərlə bağlı Mədəniyyət naziri Əbülfəs Qarayeva məktub ünvanlayıb.

ƏSA Teatrı aprelin 29-da dövlət teatrlarından birində "Adamlar və siçanlar” tamaşasını nümayiş etdirib. 

Bu tamaşa üçün dövlət teatrına 9 iş saatı üçün 1000 manat pul ödəyib.

Nihad Qulamzadə məktubunda qeyd edir ki, yaxın günlərdə  ƏSA Teatrı "Paris Partladı” tamaşasının nümayişi üçün dövlət teatrına müraciət edib.
 
 
Nihad Qulamzadə

Onun sözlərinə görə, dövlət teatrı tamaşanın qarşılığında onlardan 2000 manat pul tələb edib: "Keçən günlərdə ƏSA Teatrının "Paris partladı” tamaşasının nümayişi üçün həmin dövlət teatrına müraciət edəndə bildirdilər ki, teatr mövsümünün sonuna qədər bir gün də olsa, boş olmayacaq və teatrımız bu dəfə onlara 1000 manat yox, 2000 manat ödəməlidir”.

Nihad Qulamzadə teatrın onlardan 2000 min manat pul tələb etməsinin səbəbini açıqlamadığını deyib: "Biz düşünürük ki, tamaşanın yaxşı keçdiyini görüb, bizim çox bilet satdığımızı və "varlı teatr” olduğumuzu düşünüblər. Halbuki "iTicket.Az” vasitəsilə satılan biletlərdən cəmi 1750 manat əldə olunmuşdu. Bunun da 1000 manatını həmin dövlət teatrına ödədik. Qalan 750  manatı da hər biri 50 manat olmaqla aktyorlar və digər əməkdaşlar arasında bölüşdürdük. Belə olan vəziyyətdə biz cəmi 9 iş saatı üçün dövlət teatrına necə və niyə 2000 (iki min) manat ödəməliyik?”
 
"Ötən il isə dövlət teatrlarından birinin səhnəsində tamaşa nümayişindən dərhal sonra tamaşanın dekorasiyalarını aparmağımızı tələb edirdilər. Əks halda bayıra atacaqdılar. Sanki biz düşmənik və yaxud onlara əks fəaliyyətlə məşğul olmuşuq”, - deyə Nihad Qulamzadə bildirib.
 
Lalə Tağızadə