14:54, 11 Dekabr 2018 (Çərşənbə axşamı) 669

Əhali ərzağa nə qədər pul xərcləyir?

Əhali ərzağa nə qədər pul xərcləyir?
Dövlət Statistika Komitəsi pərakəndə ticarət hesabatı yayıb. 

Rəsmi açıqlamaya görə, 2018-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 32,4 milyard manata bərabər olub. Ticarət dövriyyəsinin 16 milyard 272,7 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 16 milyard 164,1 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib.

11 ayda alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 18,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,8 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 150,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 149,7 manatlıq qeyri-ərzaq məhsulları alıb.