14:57, 08 İyun 2019 (Şənbə) 25

Əhliman Əmiraslanov: ""İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanuna dəyişikliklər ediləcək"

Əhliman Əmiraslanov:
"Bu gün Azərbaycanda ürək-cərrahiyyəsi sahəsində əldə edilən uğurlar bizi çox sevindirir, amma ölkəmizdə ürək transplantasiyası da aparılmalıdır". 

Bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov "Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresdə çıxış edən zaman deyib.

O bidirib ki, Azərbaycanda ürək-damar cərrahiyyəsi sahəsində böyük həkim ordusu formalaşıb: "Azərbaycan dövlətinin səhiyyə sahəsində apardığı siyasət nəticəsində kardioloji mütəxəssislər formalaşıb. Azərbaycan mütəxəssisləri ölkəmizdə ürəkdə ən ağır əməliyyatları həyata keçirirlər. Bu mütəxəssislərin əksəriyyəti Türkiyənin aparıcı universitetlərində hazırlanıb. Bu gün Azərbaycanın hətta regionlarında da ürək əməliyyatları uğurla icra olunur. Bu, bizi çox sevindirir. Azərbaycanda bu gün ürək əməliyyatlarını həyata keçirə bilən yüksək səviyyəli mütəxəssislərimiz olsa da, ürək transplantasiyasını apara bilmirik. "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanun buna imkan vermir. Bu qanun köhnədir. Ona görə də yeni qanun layihəsi hazırlanıb".