15:35, 21 Noyabr 2019 (Cümə axşamı) 77

Ekologiya Nazirliyi "Gilan"ın obyektinin bağlanmasını tələb edir

Ekologiya Nazirliyi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı idarəsi məhkəmədə "Gilan Holding" MMC-yə qarşı iddia qaldırıb. Bu qurum "Gilan Holding" MMC-yə daxil olan "Jalə" istirahət mərkəzinin bağlanmasını tələb edir. Səbəb isə mərkəzdəki çirkab suların Xəzərə axıdılmasıdır.

Meydan TV-nin yaydığı məlumatda bildirilir ki, istirahət mərkəzi Xaçmaz rayonu, Nabran qəsəbəsində yerləşir.

Noyabrın 20-də Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində hakim Vəfa Əzizova nazirliyin iddiasına baxıb. Lakin iddianın icraata götürülmədən geri qaytarılması barədə qərardad çıxarıb. Hakim qərarını əsaslandırarkən göstərib ki, nazirlik Mülki Prosessual Məcəllənin iddia ərizəsilə bağlı tələblərə əməl etməyib.

Səbəblər kimi, ərizənin məhkəməyə elektron kabinet vasitəsilə göndərilməməsi, iddia ərizəsinin qarşı tərəfə çatdırıldığını təsdiqləyən sənədlərin olmaması, cavabdehin düzgün müəyyən edilməməsi (istirahət mərkəzinin fəaliyyətinin dayandırılması tələb olunursa, cavabdeh kimi də bu qurumun adı qeyd olunmalıdır, ərizədə isə icraçı direktorun adı yazılıb) göstərilib.

Çirkab sularla Xəzərin çirkləndirilməsilə əlaqədar Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində "Sahil" istirahət mərkəzi-restoranla bağlı da qərar çıxarılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tələb edirdi ki, bu istirahət mərkəzindəki çirkab suların Xəzərin sahilindəki zonaya axıdılmasının qarşısının alımaqdan ötrü restoran rəhbərliyinin üzərinə çirkab suların ərazidən keçən kanalizasiya şəbəkəsinə birləşdirilməsi öhdəliyi qoyulsun. Üstəlik, "Sahil” rəhbərliyi bu işi yerinə yetirənə qədər istirahət mərkəzinin fəaliyyəti dayandırılsın.

"Sahil” restoranında araşdırma zamanı məlum olub ki, obyektdəki kanalizasiya və çirkab suları mərkəzi kanalizasiya xəttinə qoşulmayıb, primitiv qaydada qazılmış quyulara axıdılır.

Restoran rəhbərliyi məhkəməyə çağrılsa da, gəlməyib. İddiaya onların iştirakı olmadan baxılıb. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi Zaur Pirverdiyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iddiasını qismən təmin edib. "Sahil” istirahət mərkəzində formalaşan çirkab suların ərazidən keçən kanalizasiya şəbəkəsinə birləşdirilməsi öhdəliyi obyektin sahibi Elnur Həşimovun üzərinə qoyulub. Amma istirahət mərkəzinin fəaliyyətinin dayandırılması hissəsində iddia təmin edilməyib.