19:04, 16 May 2019 (Cümə axşamı) 392

Ekpert "Azərbaycan Dəmir Yolları"na suallar ünvanladı

Ekpert
Natiq Cəfərli: "Belə bir kiçik və dayanıqsız şirkət az qala 10 mln. dollarlıq tendirin qalibi necə olub?"

""Azərbaycan Dəmir Yolları” (ADY) Texniki Nəzarət üzrə Məsləhət Xidmətləri ilə bağlı açıq tender elan edib, tender keçirilib və İspaniyanın "JV TPF Getinsa Eurorestudios – Auxitec Tecnica V Control” şirkəti tenderin qalibi olub”.

Bu barədə iqtisadçı ekspert Natiq Cəfərli öz feysbuk səhifəsində yazıb.


Natiq Cəfərli 
 
Ekspert tenderin qalibi olan "JV TPF Getinsa Eurorestudios – Auxitec Tecnica V Control” şirkəti haqqında araşdırma aparıb: "Şirkət 1992-ci ildə yaradılıb, kiçik müəssisədir.  Cəmi bir beynəlxalq layihədə, Səudiyyədə iştirak edib. Cəmi 22 işçisi var, Arribastorres Antonio adlı şəxs şirkətin həm sahibi, həm direktoru, həm də baş məsləhətçisidir. Son dəyərləndirməyə görə şirkətin bazar dəyəri cəmi 879 min 562 avrodur. Şirkətin 364 min 652 avro borcu var. Şirkətin bu günə olan borc öhdəlikləri 1 mln. 318 min 16 avrodur. Uzunmüddətli investisiya portfeli və maliyyə yatırımları yoxdur. Şirkətin cəmi 16 min 64 səhmi var, əsas səhmdarı da sahibidir, yəni Antonio müəllim. Likvid aktivləri 31 min 614 avrodur. Qısa müddətli borcu 36 min 728 avrodur".

"ADY isə belə bir tanınmayan və kiçik şirkətlə 8,261 milyon avro (9,277 milyon ABŞ dolları) məbləğində əsas və 0,236 milyon dolar məbləğində əlavə satınalma müqavilələri bağlanılıb. Beləliklə, ADY İspaniya şirkətindən 9,513 milyon dollarlıq, yəni 16 mln. 261 min 200 manatlıq məsləhət alacaq”, - o bildirib. 

Ekspert mövzu ilə bağlı AYD-yə suallar da ünvanlayıb: 

"1) Belə bir kiçik və dayanıqsız şirkət az qala 10 mln. dollarlıq tendirin qalibi necə olub?
2) Tenderdə başqa hansı şirkətlər iştirak edib?
3) Tendirdə ən aşağı və ən yuxarı təklif necə olub?
4) Bu tip məsləhət müqavilələrinin dəyəri normalda maksimum yüzminlərlə ölçülür, hansı faktora görə bu məsləhət müqaviləsi belə baha olub? 

Əgər bu suallar rəsmi cavab olmasa, bağlanmış müqavilənin korrupsiya sxemi olduğuna dair şübhələr artacaq”.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verən olmadı.

Şəhla Abbas