Siyasət

Ekspert: “Avropa İttifaqının hesabatı həqiqəti əks etdirir”

16 May, 2019
577
Avropa İttifaqı dünyada insan hüquqları və demokratiya ilə bağlı illik hesabat yayıb.

Birliyin saytında yayılan hesabatın Azərbaycan bölməsində qeyd olunur ki, ölkədəki insan hüquqları ilə bağlı vəziyyət hələ də narahatlıq doğurur.

Hüquq müdafiəçisi Rəsul Cəfərov Toplum Tv-yə deyib ki, Avropa Birliyinin Azərbaycanla bağlı fikirlərini haqlı sayır: "Ona görə yox ki, biz Avropa İttifaqının, Avropa Şurasının, yaxud da başqa beynəlxalq təşkilatların dediklərinə dərhal inanırıq və burada başqa variant görmürük. Ona görə ki, biz özümüz də uzun illərdir Azərbaycanda insan haqlarının vəziyyətini müşahidə edirik. Hazırda da xüsusən sosial şəbəkələr vasitəsilə ölkədə insan haqları ilə bağlı vəziyyətin nə yerdə olduğunu Azərbaycan vətəndaşları çox asanlıqla görə bilirlər. Bu kontekstdə də hesab edirəm ki, Avropa Birliyinin hesabatı tamamilə həqiqi məlumatları əks etdirir. İstər siyasi hüquqların qorunması olsun, istər iqtisadi-sosial hüquqlar olsun, istər digər sahədə hüquqlar olsun, çox təəssüf ki, hamısının qorunmasında ciddi problemlər var. Həm qanunvericilik baxımından, həm də praktikada. Məsələn, siyasi məhbusların sayı hamıya məlumdur və bununla bağlı uzun müddətdir Azərbaycana tənqidlər səsləndirilir. Sərbəst toplaşmaq azadlığı ilə bağlı məsələ hamının gözünün qarşısındadır. Aylarla Azərbaycanda müxalifət partiyalarının mitinq keçirilməsinə icazə verilmir. Nəinki açıq yerlərdə, hətta qapalı yerlərdə bu kimi məhdudiyyətlər var. Birləşmə azadlığı ilə bağlı vətəndaş cəmiyyəti təşkilatının vəziyyəti 2014-cü ildən acınacağlı vəziyyətə salınıb”.

Rəsul Cəfərov 
 
Hüquq müdafiəçisi qeyd edir ki, qanunvericiliyə çox ciddi-neqativ, ciddi-repressiv dəyişikliklər edilib ki, nəticədə vətəndaş cəmiyyəti təşkilatları müstəqil şəkildə öz fəaliyyətlərini qura bilmirlər və dəstəkdən məhrum olublar: "Söhbət burada ilk növbədə maliyyə dəstəyindən gedir. Mülkiyyət hüquqları ilə, insanların sosial hüquqlarının təminatı ilə bağlı problemlər var. İşgəncə halları son dövrlər xüsusən artmaqdadır. Təkcə siyasi məhbusların işlərində yox, həm də ölkə vətəndaşlarının cinayət işlərində və s. məsələlərdə çox ciddi narazılıqlar və narahatlıqlar var. Yəni bütün bunları qiymətləndirəndə Avropa Birliyinin fərqli hesabat təqdim etməsi də biabırçı yanaşma olardı, yalan danışmaq olardı. Ona görə də Avropa Birliyi özünə və öz prinsiplərinə hörmət edən bir qurum kimi haqlı hesabatla çıxış etdi. Xüsusən də onu vurğulamaq istəyirəm ki, bu hesabat digər beynəlxalq təşkilatların hesabatlarından da fərqlənmir. Yəni, istər BMT, istər ATƏT, istər Avropa Şurası, istərsə də qeyri-hökumət təşkilatları olsun, hamısı Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı narahatlıqlarını ifadə edirlər. Ola bilməz ki, bütün bu təşkilatlar hamısı qərəzli olsun. Ola bilməz ki, bütün bu təşkilatların hamısı bir mərkəzdən- hakimiyyətin hər zaman iddia etdiyi anti-Azərbaycan mərkəzindən idarə edilsin. Bu qədər yalan məlumat təqdim oluna bilməz. Deməli, ciddi pozuntular var ki, hamı bir ağızdan Azərbaycanda bu problemlərin olduğunu göstərir. Burada da yeganə çıxış yolu bu problemləri həll etmək, insanların hüquq və azadlıqlarını təmin etmək, qorumaq və vətəndaş cəmiyyətinin işinə maneə olmamaqdan keçir”.
 
Media hüququ üzrə ekspert  Xalid Ağəliyev isə deyir ki, Avropa İttifaqının qəbul etdiyi sənəddə qeyri-adi, təəccüblü heç nə yoxdur: 
"Orada ifadə olunan məzmun Azərbaycandakı real  durumun təqribi ifadəsidir. Hesab etmirəm ki, kiminsə əlində həmin fikirləri təkzib edəcək hansısa arqumentlər olsun.  İnsan hüquqları ilə bağlı vəziyyət  ölkədə, doğurdan da, çox ciddi problemlidir. Təəssüflər olsun ki, istər sərbəst toplaşmaq, istər ifadə azadlığının durumu, istərsə də hökumətə müxalif olanlara münasibətlə bağlı sənəddə deyilənlər həqiqətdir.  Müxalif qüvvələrin bu hüquqlardan istifadəsinə faktiki olaraq imkan verilmir. Müxalif fikirlilər təqib olunurlar. Həqiqəti yazan, gerçək media fəlsəfəsinə sadiq qalan medialar, saytlar qapadılır, blok edilir. Hökumətin ictimailəşməsini istəmədiyi  vacib informasiyaları toplayan bütün jurnalistlər basqı riski altında çalışırlar. Vətəndaş cəmiyyətinin durumu da hamımıza bəllidir. Hökumət  5 ilə yaxındır bu sahədə fəaliyyət imkanlarını demək olar ki, tam qapadıb. Hökumətin bilavasitə və ya dolayı kontrolunda olan qruplardan başqa heç yerdə fəaliyyət göstərmək mümkün deyil”.

Xalid Ağəliyev 
 
Ekspet onu da qeyd edir ki, vətəndaş cəmiyyətinin maliyyə imkanları məhdudlaşdırılıb. Bütün bunlarsa həm də onunla müşayiət olunur ki, hökumət durumu dəyişmək üçün gərəkli  heç bir addımlar atmır:  "Vəkilliklə bağlı durumda da hesab edirəm ki, sənəddə ifadə edilənlər gerçəkliklərə söykənir.  2 il əvvəl Azərbaycanda insanların hüquqlarını  məhkəmədə on minlərlə vəkil müdafiə edirdisə, dırnaqarası islahatlar nəticəsində hazırda müdafiəçilərin sayı 1000 nəfər civarındadır. Hətta onlar da hər an cəzalana biləcəkləri basqısı altında çalışmaq məcburiyyətinədilər. Ümumilikdə Avropa İttifaqının bu sənədi  Azərbaycanda fundamental insan haqlarının durumu ilə bağlı bütün beynəlxalq qurumların açıqladığı sənədlərlə üst-üstə düşür. Bütün bunlar da onu göstərir ki,  bu sənəd reallıqlara söykənir.  İndi nə etmək məsələsi qalır. Ən doğrusu bu olardı ki, hökumət bu sənədləri diqqətə alsın və problemlərin ortadan qaldırılması üçün gərəkli addımları atsın. Çünki bu problemlər çözülmədikcə, həll edilmədikcə, firavan ölkəyə gedən yol hələ çox uzanacaq”.
 Aydın Mirzəzadə

Deputat Aydın Mirzəzadənin sözlərinə görə Azərbaycanda söz azadlığı, siyasi fəaliyyət azadlığı var, ölkədən girib-çıxmağa hər hansı bir qadağa yoxdur:  "Avropa İttifaqının narahatlığına görə Azərbaycan onunla əməkdaşlıq etməyə, narahatlıq keçirdiyi sahə ilə bağlı fikir mübadiləsi aparmağa hazırdı. Mən iqtidardan olan bir deputat kimi hesab edirəm ki, Azərbaycanda insan hüquqlarının qorunması üçün maksimum səylər göstərilir. Söz azadlığı var, siyasi fəaliyyət azadlığı var, ölkədən girib çıxmağa hər hansı bir qadağa yoxdur. İnsanların məhkəmədə öz haqlarını qorumaq hüququ təmin edilibsə, deməli, vəkillik institutlarının çəkisi illərlə artır. Yəni hesab edirəm ki, ümumən Azərbaycandakı vəziyyət hər dəfə hüquqların daha yüksək səviyyədə qorunması istiqamətindədir. Əgər Avropa İttifaqının Azərbaycanla bağlı belə narahatlığı varsa, Azərbaycan hakimiyyəti onlarla birgə işləməyə, onların narahat olduğu sahə ilə bağlı fikir mübadiləsi aparmağa, araşdırmağa həmişə hazırdır”.

Nərgiz Absalamova

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo