17:02, 12 Fevral 2019 (Çərşənbə axşamı) 653

Ekspert: "Bahalaşma olacaq"

Ekspert:
Yeni ilin ilk ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin yanvar ayına nisbətən 1,7 faiz artıb. 

Dövlət Statistika Komitəsinin (DSK) məlumatında belə deyilir. Bildirilir ki, 2018-ci ilin dekabr ayı ilə müqayisədə yanvarda istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,8 faiz ucuzlaşıb. 

Bu ilin yanvar ayında düyünün, un məmulatlarının və qarabaşaq yarmasının, makaron məmulatlarının, qoyun və mal ətinin, suda bişmiş kolbasanın, balıq məhsullarının, süd məhsullarının, kərə və bitki yağlarının, limonun, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, kivinin, qozun, fındığın, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, çuğundurun, kartofun, soğanın, şəkər və şəkər tozunun, energetik içkilərin, spirtli içkilərin qiymətlərində bahalaşma, toyuq ətinin, yumurtanın, hisə verilmiş, yarım hisə verilmiş kolbasaların, portağalın, şabalıdın, yerkökünün qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmlinin sözlərinə görə, bazarda aparılan müstəqil araşdırmalar Dövlət Statistika Komitəsinin açıqladığı göstəricilərdən fərqli nəticələr göstərib. Belə ki, bazarlarda qiymətlərin 16 faiz artması müşahidə edilib. 

"Mağazalarda və bazarlarda qiymətlərdə fərqli şəkildə artım var. Qiymət artımı xüsusən meyvə-tərəvəz və digər ərzaq mallarının qiymətində müşahidə olunur,” – mütəxəssis vurğulayıb. 

Onun sözlərinə görə, bu tendensiya belə də davam edəcək. Hətta quş ətinin, yumurtanın və mal ətinin də qiymətində artım olacaq: "Bunun başlıca səbəbi odur ki, istehsal son zamanda ciddi şəkildə azalıb. Bununla bərabər, alıcılıq qabiliyyəti də zəifləyib. Kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar istehal etdikləri malları bazara çıxarmaq iqtidarında deyillər. Onlara şərait yaradılmır, yaradılsa belə alıcılıq qabiliyətinin azalması imkan vermir ki, mallarını realizə etsinlər”.

Ekspert Toplum.Tv-yə deyib ki, son zamanlar ölkəyə ərzaq məhsulları ilə yanaşı kənd təsərrüfatı mallarının idxalı da artıb. 

"İddia edildiyi kimi quş ətinin, yumurtanın və mal ətinin qiymətinin artmama səbəbi keçən ilə görə bu malların ölkəyə idxalının artmasıdır. Bu il quş əti idxalı 25 faiz artıb. Bir tərəfdən istehsal azalıb, digər tərəfdən də idxal artıb. İdxalın artımı da qiymət artmasına gətirib çıxarır. Sahibkarlar ölkəyə gətirdiyi məhsulların xərci çox olduğu üçün çalışıb baha qiymətə təklif edib, daha çox qazanc əldə etmək istəyirlər. Ölkədə yaranmış bu situasiya xaricdən məhsul gətirən sahibkarlar üçün əlverişlidir,” – Vahid Məhərrəmli vurğulayıb. 

Əbülfət Baxşəliyev
Toplum.Tv