19:00, 01 İyul 2019 (Bazar ertəsi) 177

Ekspert: “Bank sektorunda rəqabətin gücləndirilməsinə ehtiyac var”

Ekspert: “Bank sektorunda rəqabətin gücləndirilməsinə ehtiyac var”
Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurası Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılmaqla 1 iyul 2019-cu il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10%, xarici valyutada isə 2,5% müəyyən edib.

Yəni əgər vətəndaş 11 faizlə bankda kredit yerləşdirsə və o bank müflis olsa o zaman onun depoziti qorunmuş hesab edilməyəcək.

1 iyul 2019-cu il tarixinə qədər qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 15%, xarici valyutada isə 3% təşkil edirdi. Bu qaydaya uyğun qorunan əmanət statusunda olan depozitlərin sığortası əmanət müqaviləsinin müddəti bitənədək qüvvədə qalır.

Məsələn, vətəndaş ötən ay bankda 1 illik 14 faizlə milli valyutada əmanət yerləşdirib və bu gündən qorunan əmanətlər üzrə yuxarı hədd 10 faizədək azaldılıb. Buna baxmayaraq həmin əmanət qorunmuş hesab olunur.

1 iyul 2019-cu il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv olan banklarda milli valyutada 10%-dən, xarici valyutada 2,5%-dən yuxarı illik faiz dərəcəsi ilə əmanət yerləşdirilərsə, bu əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.

Yəni əvvəlki dövrdə milli valyutada 10 faizdən çox qorunan əmanət yerləşdirən vətəndaş müqavilə bitən zaman yeni müqavilə bağladıqda qorunan əmanət seçməsi vacibdir. 

İqtisadçı Vüqar Bayramov deyir ki, illik faiz dərəcəsinin azalması o deməkdir ki, milli valyutada qorunan əmanətlərin faiz dərəcəsi 33 faiz azaldılıb: "Əmanət faizləri azalsa da, hələ də kredit faizləri yüksək olaraq qalır. Mərkəzi Bankın məlumatına görə, kredit qoyuluşları 12 milyard 861 milyon, əhalinin əmanətləri isə 8 milyard 622 milyon manatdır. Bu o deməkdir ki, əmanətlər kredit portfelinin 67 faizi təşkil edir. Sadə müqayisə aparsaq, banklar kredit kimi təklif etdikləri hər 100 manatın 67 manatını vətəndaşın özündən alıb sonra yüksək faizlə digər vətəndaşımıza verirlər. Sistem əhəmiyyəti banklarda manat ilə depozitlərə 7 faiz təklif olunsa da kredit faizləri 29 faizədək yüksəlir. Deməli, bank bir vətəndaşdan 7 faizlə əmanət cəlb edib onu üzərinə 22 faiz əlavə edərək digər vətəndaşımıza kredit kimi təklif edir”.

Ekspert bildirib ki, əmanətlərin qorunan faizləri azaldıqdan sonra kredit faizlərinin aşağı salınması istiqamətdə fəaliyyətinin genişləndirilməsinə və ən əsası bank sektorunda rəqabətin gücləndirilməsinə ehtiyac var. 

İqtisadçı Natiq Cəfərli AİHM-nın yeni qərarını şərh edərək deyib ki, bu qərar, əslində bankları qorumağa yönəlib: "Bu qədər yardımlara baxmayaraq bank sektoru hələ də özünə gələ bilməyib, problemlər qalmaqdadı. Çünki bütün iqtisadi sistem bərbad olduğu bir ölkədə ayrıca bank sistemi normallaşa bilməz, yəni bank sisteminin vəziyyəti nəticədir – ümumi sistem problemlərinin nəticəsidir”.
 
 
Natiq Cəfərli

İqtisadçıya deyir ki, depozit faizlərinin azalması kredit faizlərinə təsir etməyəcək, amma məntiqlə təsir etməlidir: "Yəni depozit faizlərinin enməsi normal ölkələrdə kredit faizlərinin də azalmasına səbəb olmalıdır, amma bizdə təsir etməyəcək”.

Ekspertə görə, bu qərar manatla depozitlərin azalmasına səbəb olacaq, vətəndaşlar riskli manat depozitlərindən çıxacaq. Çox güman, Türkiyə və Gürcüstana daşınmaz əmlaka yatırımları artıracaq, ya da manat depozitlərindən yenidən dollara-avroya sürətli keçid baş verəcək.

Hazırda aparıcı banklar manat üzrə əmanətlərə 7 faiz dividend təklif edir.

Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, vətəndaşlar əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.

Uğur Fərzəli