11:24, 31 May 2019 (Cümə) 227

Ekspert: “Banklar özünə gələ bilməyib”

Ekspert: “Banklar özünə gələ bilməyib”
Azərbaycan bankları şöbələrinin sayını azaltmaqda davam edir.

Bu il mayın 1-nə Azərbaycanın bank sektoru 512 filiala və 128 şöbəyə malik olub.

"Report” xəbər verir ki, bu, ötən il mayın 1-i ilə müqayisədə müvafiq olaraq 1 vahid çox və 15 vahid azdır.

Bu ilin yanvar-aprel aylarında 4 yeni bank filialı açılıb, 2 bank filialı bağlanıb. 

Təkcə aprel ayında isə bank filiallarının sayında dəyişiklik olmayıb, bank şöbələrinin sayı isə 1 vahid azalıb. 

İqtisadçı Natiq Cəfərli Toplum.Tv-yə deyib ki, bankların şöbələrinin azalmasının iki əsas səbəbi var: "Birinci məsələ ondan ibarətdir ki, onlayn bank getdikcə daha çox  inkişaf edir. İnternet üzərində bankçılıq artıqca, bank şöbələrinə ehtiyacı azalır. Bu, bütün dünyada olan bir trenddir. Şöbələrin azalmasının digər əsas səbəbi isə bank sisteminin hələ də normal fəaliyyətə başlamamasıdır. Banklar devalivasiyadan sonra öz fəaliyyətini  bərpa edə bilməyib. Düzdür, dövlət tərəfindən bir sıra yardımlar olundu, amma hələ də banklar özünə gələ bilməyib. Bunun nəticəsində isə Azərbaycanda fəaliyyət göstərən bankların yarısı zərərlə işləyir”.

Ekspertin sözlərinə görə ziyanla işləyən banklar  öz şöbələrini bağlayaraq əməliyyat xərclərini azaldır.

"Gələcəkdə intenet bankçılığın inkişafı normal işləyən bankların şöbələrinin azalmasına səbəb olacaq”, - deyə ekspert qeyd edib.

Lalə Tağızadə