18:56, 06 İyul 2019 (Şənbə) 433

Ekspert: “Bizə institusional islahatlar lazımdır”

Ekspert: “Bizə institusional islahatlar lazımdır”
Prezident "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında fərman imzalayıb.

Fərman əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün monitorinq və proqnozlaşdırma sisteminin yaradılması məqsədilə imzalanıb.

Qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılacaq.

Nazirlər Kabineti iki ay müddətində qurumu yaradıb və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Toplum Tv yeni yaranacaq qurumun nə kimi faydalarının olacağını araşdırıb.
İqtisadçı Toğrul Maşallı, bu qurumdan ciddi nə isə gözləmədiyini deyib:
"Sadəcə bizdə son dövrlərdə əmək bazarı ilə bağlı bir sıra addımlar atılır. "DOST”-un (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi) yaradılması, ondan əvvəl "ASAN xidmət”ə bəzi yeni xidmətlərin verilməsi kimi. Sadəcə istəyirlər ki, əmək bazarı sahəsində nəsə etsinlər. Bu sıradan bir addımdır. İqtisadiyyat üçün heç bir dəyişiklik gözləmirəm. Yenə də bu sahə ilə eyni qurumlar, eyni insanlar məşğul olur”. 

Ekspertin fikrincə, Azərbaycana institusional islahatlar lazımdır:
"Bizdə bu addımlar sadəcə dövlətin yeni iş yerləri açması ilə bağlıdır. Mən bu addımdan heç bir dəyişiklik gözləmirəm”. 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev fərmanı  müsbət qiymətləndirib və deyib ki, bu qurumun yaradılması vacibdir:
"Sosial müdafiə və əmək bazarının öyrənməkdən ötrü elmi-tədqiqat xarakterli publik-hüquqi şəxsin yaradılmasına ehtiyac vardı”.



Musa Quliyev qeyd edib ki, sosial müdafiə sahəsində öncədən proqnozlaşdırılma, aparıcı sahədə trendlərin müəyyənləşdirilməsi və tətbiq edilməsi çox vacibdir:
"Yəni bu gün fikirləşdim, sabah hansısa sosial müdafiə elementi tətbiq edəcəm, bu, siyasət deyil və bununla uğur qazanmaq olmaz. Ölkədə proqnozlaşdırılma vacibdir. Məsələn, Azərbaycanda 5 ildən sonra pensiyaçıların, işsizlərin və s. sayının nə qədər olacağı müəyyən edilməlidir. Sosial müdafiə strategiyasını buna uyğun qurmaq lazımdır. Düşünürəm, bu qurum, həm iqtisadiyyata, həm də sosial müdafiə siyasətinə çox böyük töhfələr verəcək”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən açıqlamaya görə, Observatoriya əmək bazarına dair zəruri məlumatların toplanması və təhlillərin daha şəffaf və keyfiyyətli həyata keçirilməsi yolu ilə əmək bazarında mövcud vəziyyətin dəqiq qiymətləndirilməsini həyata keçirəcək.

Nazirlik, Milli Observatoriyanın yaradılmasının əmək bazarı və sosial müdafiə sahəsində önəmli rol oynayacağını deyib.

İlham Əliyevin verdiyi fərmana görə, Milli Observatoriya iki ay müddətində yaradılmalıdır. 

Uğur Fərzəli