15:05, 28 Mart 2020 (Şənbə) 1986

Ekspert: "“Facebook” statusuna görə polisə çağırılmaq sui-istifadədir"

Ekspert:
Qanuna dəyişikliyə iki fərqli baxış

Son dövrlər polis sosial mediada, xüsusən də "Facebook”da yazılan postlara ciddi nəzarə etməyə başlayıb, bir neçə fəal istifadəçi polis bölməsinə çağırılıb. 

Əminə Məmmədova da onlardan biridir. 

O, koronavirusla bağlı yazdığı statusa görə səhər yuxudan oyadılaraq polis bölməsinə aparıldığını bildirir. 

Ə.Məmmədova Toplum Tv-yə deyir ki, polis onu informasiya ilə bağlı yeni qanun dəyişikliyin tələbinə görə sorğu-sual etdiyini vurğulayıb. 

Milli Məclisin "İnformasiya, informasiyalaşdırma və informasiya mühafizəsi haqqında” qanununa etdiyi dəyişiklik prezidentin 17 mart tarixli sərəncamı ilə qüvvəyə minib. 

Əminə Məmmədova 
 
"Həm o qanunun özünün mahiyyəti, həm də tətbiqi məsələsi ciddi şəkildə ifadə azadlılığını təhdid edir”, - qanuna dəyişikliyi şərh edən tanınmış hüquqşunas Ələsgər Məmmədli söyləyir: "Qanunun icrasına nəzarəti məhkəmə qaydası olmadan və ya ondan əlavə birbaşa nazirlik nəzarət edir. Nazirliyin bu sahədə peşəkar mütəxəsisləri olmadığından 2017-ci il praktikası da göstərdi ki, daha çox tənqidi və gerçək məlumat yayanları daha çox hədəfə aldılar, nəinki yalan məlumatları”. 
Ələsgər Məmmədli

Ələsgər Məmmədli deyir ki, ciddi zərər verən yalandan qorunmaq lazımdır. Onun sözlərinə görə zərəri də məhkəmə və məhkəmənin təyin elədiyi xüsusi ekspert komissiyası müəyyən etməlidir: "Amma qanunvericilikdə bunu məhkəmə və ya kimsə müəyyən etmədən bilavasitə polis orqanları və yaxud da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları müəyyən edir. Bu da ciddi problem yaradır. "Facebook” statusuna görə polisə çağrılmanı hökümət tərəfindən sui-istifadə olunan məqam kimi qiymətləndirirəm”. 

Hüquqşunas onu da qeyd edir ki, artıq Bərdədə bir nəfər, Bakıda bir neçə nəfər bu çərçivədə inzibati qaydada həbsə alınıb. Hamısı da müxtəlif siyasi partiyaların, siyasi qrupların aktiv üzvləridir. 

Deputat Zahid Oruc isə bu məsələ ətrafında müəyyən bir kampaniya aparıldığını düşünür: "İstənilən məsələdən ötrü hakimiyyət əleyhinə mübarizə cəbhəsi açmaq və onu beynəlxalq məkana çıxarmaq, hansısa buna qədərki dövrdə Azərbaycanla münasibətlərdə daim müxtəlif problemlər yaşayan xarici təşkilatlar vasitəsilə rəylərin verdirilməsinə nail olmaq və belə bir mənzərəni hasil etmək, guya hakimiyyətin bu bəşəri təhlükə fonunda özünün siyasi rəqiblərinə həm düşüncə, həm media, həm də digər baxımından basqı etmək, onların fəaliyyət meydadınını daraltmaq niyyəti var. Qəti şəkildə belə bir məqsəd mövcüd deyil, bunun üçün heç bir zərurət yoxdur”.

Zahid Oruc

Deputat indiki halda hakimiyyətin əleyhinə səslənən tənqidlərə görə heç kimin cəzalandırılmadığını bildirir. Onun sözlərinə görə qanuna dəyişikliyin mənası ondan ibarət idi ki, bu situasiyada yoxlanılmamış informasiyalar verilməsin. 

Deputat deyir ki, sadəcə, əmlaka, strateji obyektlərin fəaliyyətinə zərbə vurmaq istəyənlər inzibati məsulliyət daşımış olacaqlar: "Əgər kimsə bu cür addım atmayacaqsa nədən narahatdır ki?”, - deyə Zahid Oruc sual edir. "Bu gün hər hansı dövlət obyektini, onların fəaliyyətini yalan informasiyalarla əngəlləmək, onlara zərbə vurmaq, vətəndaşların mənafelərinə, ictimai təhlükəsizliyə ziyan törətmək və buna "fəaliyyət azadlığımdır” demək yanlışdır”. 

Deputat dünyanın müxtəlif ölkələrində nəinki ifadə azadlığının, vətəndaşların digər hüquqlarının da  bloklandığını bildirir: "Məqsəd Azərbaycanda koronavirus təhlükəsini əldə əsas götürüb hansısa qanunların sərtləşdirilməsi deyil. Dövlətin ali məramı insanlarımızın həyatının qorumaqdır”.

Əsli İsmayılzadə