20:40, 23 Oktyabr 2019 (Çərşənbə) 986

Ekspert: "Gömrük Komitəsi ləğv olunmalıdır"

Ekspert:
Oktyabrın 23-də İlham Əliyev İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

Prezidentin sərəncamı ilə keçmiş Vergilər naziri Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edilib.

Baş verənləri öz feysbuk hesabında şərh edən iqtisadçı Natiq Cəfərlinin fikrincə, Mikayıl Cabbarov super nazirliyin başına keçib, faktiki Baş Nazir olub: "Gömrük Komitəsi də ləğv olunmalı və İqtisadiyyat Nazirliyinə birləşdirilməlidir. Ölkə büdcəsinə (Neft Fondunu kənara qoysaq) əsasən 3 istiqamətdən, vergi, gömrük və dövlət əmlakın özəlləşdirilməsindən vəsait daxil olur. Bu baxımdan büdcənin maliyyə kanallarının bir mərkəzə cəmlənməsi doğru qərar olacaq”. 

Ekspert bildirib ki, Nazirliyin əsas vəzifəsi  iqtisadi siyasətin qəbul olunması ilə məşğul olmaqdır. Eyni zamanda vergi-gömrük-əmlak məsələləri də bu siyasətin tərkib hissəsi kimi götürülməlidir: "Mikayıl müəllimə böyük səlahiyyət verildi, amma səlahiyyət həm də məsuliyyətdir – indi iqtisadiyyatda nə baş verəcəksə, cavabdeh o olacaq. Ona görə də, məncə, Mikayıl müəllim israr etməli, gömrüyü də birləşdirməli, sonra bu böyük məsuliyyətin altına girməlidir. Prezident özü deyirdi ki, iqtidarın içində sabotajçı şəxslər, qruplar var, əgər iqtisadi siyasət bir mərkəzdən idarə edilməsə, bir neçə aya həmin qruplar Mikayıl Cabbarova elə oyunlar quracaqlar ki, bütün uğursuzluq onun üzərində qalacaq".

Roza Məmmədova