01:39, 08 May 2019 (Çərşənbə) 126

Ekspert: "Hesab edirəm ki, bu, bikarçılıqdan verilən əmrdir”

Ekspert:
"Ümumi təhsildə təmayülləşmə istiqamətinin aparılması, bu yöndə növbəti tədris ilində 20 məktəbin tam orta təhsil səviyyəsində peşə yönümlü təmayül siniflərinin açılması hədəf kimi müəyyən edilib". 

May ayının 7-də Təhsil naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında belə deyib. 

Məsələni Toplum.Tv-yə şərh edən təhsil eksperti Kamran Əsədov ali təhsil müəssisələrində kadr hazırlığının zəif olduğunu deyib: "Azərbaycanda əmək bazarının tələblərinə cavab verən kadr hazırlığı ali təhsil müəsisələrində, demək olar ki, tam şəkildə həyata keçirilmir. Universitetlərimizin məzunlarının yalnız 42 faizi ali təhsilini başa vurduqdan sonra işlə təmin olunur. Bu ona görədir ki, onların bilik və bacarıqları əmək bazarının tələbinə cavab vermir”.

O bildirib ki, orta və ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin bilik və bacarıqları əmək bazarının tələblərinə cavab verməlidir: "Lakin göründüyü kimi, universitet məzunlarının yalnız 42 faizi  işlə təmin oluna bilir və orta ümumtəhsil məktəblərini bitirənlərin yalnız 40 faizi ali təhsil almağa gedir". 

Ekspert bu göstəricilərin səbəbini şagirdlərin bilik və bacarıqlarının  əmək bazarının tələblərinə cavab verməməsində görür: "Doqquzuncu sinifdən sonra təmayül siniflərinə bölünmə zamanı gələcəkdə ali təhsil pilləsində təhsilini davam etdirmək istəyənlərə təmayüllər var. Yəni məhdud sayda orta ümumtəhsil məktəblərində peşə təmayüllərinin açılması heç bir effekt verməyəcək. Birincisi, ora gedən uşaqların sayı tam şəkildə formalaşmayacaq. İkincisi, orada bu tədrisi həyata keçirəcək müəllimlər və resurslar yoxdur. Üçüncüsü də bizim orta ümumtəhsil məktəblərimizin maddi-texniki bazası standartlara cavab vermir və ümumiyyətlə, yoxdur. Hesab edirəm ki, buna vəsait ayırmaq vaxt itkisidir”.

Ekspert peşə təhsili müəssisələrində keyfiyyət artımının daha vacib olduğunu və orta ümumtəhsil müəssisələrində belə bir addımın lazımsız olduğunu deyib.

Təhsil eksperti Nabatəli Qulamoğlu isə bu qərarı yanlış sayır: "Birmənalı olaraq tamamilə yanlış qərardır. Ona görə yanlış qərardır ki, peşəyönümlü məktəblərin infrastrukturu var. Demirəm yüksək səviyyədədir, amma onu bir az da təkmilləşdirmək olardı. Ona görə də bu, ümumiyyətlə, ümumtəhsil məktəblərini yükləməkdir. Biri deyir ki, dini dərslər keçirilsin. O biri də deyir ki, peşəyönümlü keçirilməlidir. Hesab edirəm ki, bu, bikarçılıqdan verilən əmrdir”.

Ekspert peşə məktəblərinin həm də siyasi yükdən azad olunmasının vacibliyini qeyd edib. 

O bildirib ki, bu məktəblər özəlləşdirilməlidir: "Peşə məktəblərini "ştat cədvəli"nə çevirmək lazım deyil. Orada həqiqi dərs keçmək lazımdır”.

Şəhla Abbas