17:59, 18 Noyabr 2019 (Bazar ertəsi) 127

Ekspert: “İranda böhran daha da dərinləşəcək”

Ekspert: “İranda böhran daha da dərinləşəcək”


/ DÜNYA
Benzinin qiymətinin bahalaşmasına etiraz olaraq İranın bir sıra şəhərlərində piket keçirilib.

İran mətbuatının yazdığına görə, Məşhəd, Şiraz, Bircande, Əhvaz və başqa şəhər və rayonlarda etiraz çıxışları, mitinqlər olub. 

Kirman əyalətinin Sircan şəhərində aksiya iştirakçıları yerli neft anbarını yandırmağa cəhd göstəriblər. 

Polis hadisənin qarşısını alıb.

Hadisəni öz feysbuk səhifəsində şərh edən iqtisadçı Qubad İbadoğlu bildirib ki, İranda getdikcə artan sosial etirazlar davamlı xarakter alarsa, ölkəni siyasi və iqtisadi böhrana sürükləyə bilər. Belə ki, idarəolunmaz formata keçən xalq etirazları qurbanlarının sayına,  iştirakçıların kütləviliyinə və coğrafı əhatə dairəsinə görə son illərin ən şiddətli aksiyalarından sayılır. Baş verənlər əsasında qurulan istənilən ssenaridən aydın görünür ki, İranda qiymətlərin artımının yeni dalğası, milli valyutanın dəyərsizləşməsinin növbəti mərhələsi iqtisadi durumu daha acınacaqlı vəziyyətə sala bilər. Bu isə istənilən halda İrandan əmək miqrasiyasını və kapital axınını sürətləndirəcək. 
 

Qubad İbadoğlu
 
 
"Azərbaycanın İranla sərhəddə yaşayan əhalisi üçün bu ölkə əvvəlki kimi alış-veriş və tibbi xidmətlər üçün faydalı olmayacaq. Bu isə xüsusilə də cənub rayonlarında onsuz da pisləşən sosial vəziyyəti bir az da gərginləşdirə bilər.
İrandan Azərbaycana əmək emiqratlarının gəlməsi ilk növbədə əmlak kirayəsi və istehlak bazarında qiymətlərin bahalaşmasına artırıcı təsir göstərəcək.

İran və Azərbaycan arasında xarici ticarət döviyyəsi azalacaq. Lakin bununla yanaşı, İran mənşəli kapitalın Azərbaycana daşınması prosesi sürətlənəcək ki, bu da Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunu artıra bilər”, - iqtisadçı qeyd edib.

Qubad İbadoğlu deyib ki, İran tüməninin dəyərdən düşməsi Azərbaycan manatına və dolayı yolla da ABŞ dollarına olan tələbatı artıra bilər. Bu da Azərbaycanın xarici şoklara həssas olan valyuta bazarında gərginliyi artıracaq: "Nəhayət, İranda hakimiyyətlə xalq arasında münasibətlərin gərginləşməsi qısa müddətli dövrdə dünya bazarında neftin qiymətinə artırıcı təsir göstərə bilər. Bu da Azərbaycanın neft gəlirlərinin artımını şərtləndirən amillərdəndir”.

Siyasi şərhçi Şahin Cəfərli Toplum TV-yə bildirib ki, İranda artıq bir neçə ildir bu tipli aksiyalar keçirilir. Sonuncu dəfə 2017-ci lin dekabr ayında buna bənzər 100 şəhəri əhatə edən aksiyalar olub. Həmin dövrdə də baş verən aksiyaların ciddi siyasi nəticəsi olmayıb: "Hazırda baş verən aksiyanın da xüsusi bir ciddi nəticəsi olmayacaq. Amma hər halda bu etiraz dalğasının cəmiyyətdə getdikcə güclənməsi İranda mövcud sistemi gələcəkdə təhlükəyə atan əsas amillərdən biridir. İranda xüsusilə yaxın gələcəkdə sosial-iqtisadi vəziyyətin düzəlməsi gözlənilmir. Böhran daha da dərinləşəcək. Xüsusilədə ABŞ və enerji sanksiyaları İranın iqtisadiyyatına mənfi təsir göstərir. Bu halda İran hökumətinin ümidi gələnilki  ABŞ-da keçiriləcək prezident seçkilərinədir. Demokratlar yenidən hakimiyyətə gələrsə, ABŞ İranla nüvə anlaşmasına qayıdacaq və sanksiyalar bir qədər azalacaq. Hər halda bu, bir gözləntidir. Bunun nə dərəcədə real olacağını söyləmək çətindir. Bir şey aydındır ki, İranda vəziyyət yaxın gələcək üçün müsbətə doğru bir gəlişmə gözlənilmir. Vəziyyət daha da pisləşəcək. Bu isə ölkə daxilində narazılığın artımına səbəb olacaq”.

Siyasi şərhçi deyib ki, İran son illərdə Suriya, İraq, Yəmən və Livanda çox aktiv siyasət aparır: "Bu ölkələrin hər birində İrana bağlı silahlı qruplaşmalar fəaliyyət göstərir. Bunların ən böyüyü İran Eynullahıdır. Yəməndə "Ənsarullah” hərəkatı İraqda "Həşdi Şabi” qruplaşması İran tərəfindən dəstəklənir. Eyni zamanda İran müxtəlif ölkələrdən şiə könüllü qruplaşması toplayaraq Suriyaya aparıb və orada  həmin könüllülər Bəşər Əsəd rejiminə xidmət edir. Həmin ölkələrdəki əməliyyatlara İran tərəfindən milyardlarla pul xərclənir. Ölkədəki narazılıqların səbəblərindən biri də məhz budur. Yəni İran maliyyə qaynaqlarını ölkə daxilindəki problemlərə yox, məhz silahlı qruplaşmaya xərcləyir”.

"İranın daxilindəki aksiyalarda da ən çox səslənən şüarlardan biri budur: Qəzzaya Livana pul axıtmaqdansa, pulları bizə verin. Yəni İran xalqının vergiləri əsasında formalaşan büdcə vəsaitlərini hansısa xarici qeyri-müəyyən vəziyyətlərə yönəltməyin. Bunları ölkə daxilində xərcləyin. İran hökumətinin daxildən mövqelərinin zəifləməsi onun bölgələrdəki ambisiyalarına da təsir göstərə bilər. Son həftələrdə İraqda da kütləvi aksiyalar baş verir. Bunun əsas səbəbi İran daxilində baş verən aksiyalardır. Hətta İraqda Kərbəlanın İran Konsulluğuna hücum olunub. Bütün bunlar İranın bölgədəki mövqelərinin zəiflədiyini göstərir. Bu proseslərdə xarici qüvvələrin də rolu böyükdür”, - Şahin Cəfərli vurğulayıb.

Şəmsiyyə İbişova